Böyüklüyün itirildiyi an...

Böyüklüyün itirildiyi an...
09:35
İnsan öz böyüklüyünü harada itirir? Əksər hallarda zirvəyə çatanda. insanı ucaldan mövqe deyil, mövqedə necə davrandığıdır. Tərbiyə isə məhz bu davranışın adıdır. O, etik kodeks deyil, daxili ölçüdür, qanun deyil, vicdandır, zahiri qayda yox, batini məsuliyyətdir. Psixologiya deyir ki, insanın həqiqi xarakteri stress və güc anlarında üzə çıxır. Güc əldə edən kimi beyində “üstünlük illüziyası” aktivləşir. Bu insanı başqalarından ayrı və daha dəyərli hiss etdirməyə başlayır. Empati zəifləyir, məsafə artır, dil sərtləşir. Halbuki tərbiyə empati ilə nəfəs alır. Empati öldükdə tərbiyə yalnız maska kimi qalır. Özündən aşağıda olanlarla bərabər ola bilən insan psixoloji baxımdan daxili təhlükəsizlik hissinə malikdir. O, öz dəyərini başqasını alçaltmaqla sübut etməyə ehtiyac duymur. Bu sağlam “mən”in əlamətidir. Zəif “mən” isə həmişə müqayisə və təhqir üzərində qurulur. Sokratın “özünü tanı” çağırışı insanın öz hədlərini bilməsinə işarə idi. Stoiklər isə deyirdi ki, insanın dəyəri onun nəzarət edə bildiklərindədir. Tərbiyə də nəzarət məsələsidir. Eqonun nəzarəti. Özünü mərkəzdən çıxara bilən insan başqasını mərkəzə ala bilir. Kantın etikası insanı “məqsəd” kimi görməyi tələb edir. Özündən aşağıda olanlarla bərabər olmaq insanı alətə çevirməməkdir. Fəlsəfi baxımdan bu insanın insanla münasibətini instrumental yox, mənəvi müstəvidə qurması deməkdir. İslam Dinində tərbiyə təvazö ilə eyniləşdirilir. Təvazö özünü dəyərsiz görmək deyil, başqasının dəyərini inkar etməməkdir. Peyğəmbərlərin həyatında bu açıq görünür. Musa peyğəmbər çoban idi, Davud peyğəmbər əli ilə zireh düzəldirdi, Məhəmməd peyğəmbər (s) ticarətlə məşğul olmuş, kasıblarla eyni süfrədə oturmuşdu. İlahi hikmət məhz buradadır insanları ayırmaq yox, birləşdirmək. İslam irfanında “kibr” ən təhlükəli mənəvi xəstəlik sayılır. Çünki kibr insanı tərbiyədən ayırır. Tərbiyə isə Allaha yaxınlığın sosial təzahürüdür insanlara münasibətdə görünür. Tarix göstərir ki, xalqla məsafə yaradanlar uzunömürlü olmur. Ədalətli hökmdarlar sadə geyinir, bazara çıxır, xalqın içində olurdu. Əksinə, saray divarları arxasında yaşayanlar tərbiyəni itirdikcə hakimiyyəti də itirirdilər. Ən böyük tarixi dönüşlər çox vaxt “aşağı təbəqə” sayılan insanların səsi ilə başlayıb. Onları görməyən, dinləməyən, kiçildənlər tarixdən silinib. Çünki tərbiyə təkcə fərdi dəyər deyil, ictimai davamlılıq mexanizmidir. Bu gün cəmiyyətin böhranı savadsızlıqdan çox, tərbiyənin statusla səhv salınmasıdır. İnsanlar düşünür ki, vəzifə artdıqca məsuliyyət yox, toxunulmazlıq qazanırlar. Halbuki tərbiyə yüksəldikcə ağırlaşan yükdür. Onu daşıya bilməyən gec-tez altında qalır. Özündən aşağıda olanla bərabər ola bilməyən insan əslində hələ yuxarı qalxmayıb. Çünki yüksəklik baş üzərində deyil, vicdandadır.
Tərbiyə özündən aşağıda olanlarla bərabər ola bilməkdir. İnsan özündən aşağıda olanın əlindən tuta bilirsə, deməli həqiqətən yuxarıdadır. Qalan hər şey sadəcə titul və illüziyadır.
Həsən Nağıyev, filosof

Sizin reklam burada
Sizin reklam burada