“Böyük Britaniyanın Orta dəhlizə yanaşmasında strateji dəyişikliyin
əsas səbəbi Londonla Çin arasında münasibətlərin yeni mərhələyə keçməsindən qaynaqlanır.
Bunu real olaraq geoiqtisadi çevriliş də adlandırmaq olar. “Brexit"dən
sonra Böyük Britaniyada ticarət sahəsində bir sıra problemlər yaranmağa
başlayıb. Bilavasitə ticarət sektoru yenidən dizayn edilir. Çinlə münasibətlərdə
yeni və praqmatik nəticələrin əldə olunmasına ehtiyac var. Bu ehtiyac Orta dəhliz
infrastruktunun daha da təkmilləşdirilməsinə, təhlükəsizliyin gücləndirilməsinə,
texnologiyaların tətbiqinə zərurət yaradır”.
Bunu News365.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz
Əmirov deyib. O bildiri ki, Böyük Britaniya deyir ki, “mən də Orta dəhlizdəyəm”:
“Ötən il Böyük Britaniya ilə Çin arasında
qarşılıqlı ticarət dövriyyəsinin həcmi 98,4 milyard dollar təşkil edib. Bu dövriyyənin 68,7 milyard dolları
Britaniyanın Çindən idxalı, 29,7 milyard dolları isə ixracının payına düşüb. Yəni
göründüyü kimi, Britaniyanın Çinlə ticarətində 60 milyard dollara yaxın bir kəsir
var. Buna görə də London yeni fürsətlər axtarır, məsələyə bir qədər fərqli
rakursdan baxmağa başlayır. Bir sıra sahələrdə Britaniya sənayesi idxaldan kəskin
asılı vəziyyətdədir. Bu idxal əsasən Çindən reallaşır. Çin bu ölkənin idxalında
3-cü böyük paya malikdir. İki ölkə arasındakı ticarət göstəricilərinə baxsaq,
görərik ki, Britaniya Çinə daha çox bahalı məhsullar, lüks avtomobillər,
kosmetika, mühəndislik avadanlıqları və sair satır. Çindən isə sənaye istehsalı
üçün lazım olan malları idxal edir. İki ölkənin qurduğu iqtisadi strukturu
komplementar adlandıra bilərik.
Böyük
Britaniya 2025-2027-ci illərdə 89 mal kateqoriyası üzrə Çindən idxal tariflərini
sıfırlayıb. London bu addımı ABŞ-ın Çin mallarına idxal
rüsumlarını kəskin artırdığı bir zamanda atıb. Məqsəd idxalı ucuzlaşdırmaqla sənaye istehsalının maya
dəyərini aşağı salmaq, ölkədə inflyasiyanı cilovlamaqdır. Orta dəhlizə qoşulmaq
bu kontekstdə meydana gəlib. Düşünürəm ki, Britaniyanın Orta dəhlizə marağı
2027-ci ildən sonra da davam edəcək. Əks halda, heç vaxt ona yüksək həcmli
yatırımlar edilməzdi”.
E.Əmirovun
dediyinə görə, Böyük Britaniyanın Orta dəhlizə qoşulması layihə üçün böyük
üstünlüklər yaradacaq:
“İlk olaraq qeyd edim ki, Britaniyanın layihədə
olması onunla bağlı sabitlik, təhlükəsizlik təminatı deməkdir. Bu, dəhliz üçün risklərin
sığortalanması, infrastruktur dayanıqlığının təmin olunması deməkdir. Eyni
zamanda əlavə maliyyə mexanizmləri yaradılacaq, Britaniyanın layihəyə
inteqrasiyası hüquqi prosedurların, gömrük proseslərinin avtomatlaşdırılması
imkanları genişlənəcək. Britaniya Beynəlxalq İnvestisiya Şirkəti dəhlizə sərmayə
yatıracaq və daha sonra onun arxasında dayanacaq. Bu, digər investorlar üçün
yaşıl işıq demək olacaq. Çünki Britaniya elə bir ölkədir ki, onun hansısa layihədə
iştirakı, dəstəyi bütün dünya üçün təhlükəsizliyə qarantiya kimi qəbul edilir,
investisiya cəlbini asanlaşdırır. Orta dəhlizin illik dövriyyəsinə dair
proqnozların Britaniyanın qoşulmasından sonra bir qədər də artırılmasına və
özünü doğrultmasına şərait yaradacaq”.