Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək

Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək
18:15

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

News365.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid İlqar Salmanov ifadəsində qeyd edib ki, o, təqsirləndirilən şəxslərdən yalnız Zamin Əliyevi tanıyır: “Biz həmin mərkəzə qaynımı müalicə məqsədilə yerləşdirmişdik. Mərkəzə yerləşdirmə və digər məsələlərlə əlaqədar pul verməmişəm. Xəstəyə siqaret alması üçün Zamin Əliyevə 100 manat vermişəm”.

Prosesdə ifadə verən şahid Arzu Saxarova bildirib ki, o, Zamin Əliyevi savadlı həkim kimi tanıyıb: “Oğlumu mərkəzə müalicə üçün aparmışdım. Hazırda oğlum tam sağalıb. Uşağa vitaminlərin alınması üçün 100 manat vermişəm. Həkimin özü məndən pul istəməyib”.

Vəkillər məhkəməyə sağlamlığı ilə əlaqədar gələ bilməyən Ofelya adlı şahidin ifadəsinin elan olunmasını yox, məhkəməyə gəlib ifadə verməsini istəyib. Onlar bunu şahidlərin istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadələr arasında ziddiyyətlərin olması ilə əsaslandırıblar.

Zamin Əliyev bildirib ki, həmin qadın mərkəzə müraciət etməyib.

Kamran Həsənov, Namiq İmranov və digər şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Proses sentyabrın 9-dək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada