Bələdiyyə fəaliyyətində əsas pozuntular - SİYAHI

Bələdiyyə fəaliyyətində əsas pozuntular - SİYAHI
14:47

Bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi və digər məsələləri əhatə edir.

News365.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik  məruzəsi zamanı bildirilib.

Təhlillərin nəticələrinə əsasən yerli özünüidarəetmə fəaliyyətində yol verilən aşağıdakı səciyyəvi nöqsanları göstərilir:

bələdiyyənin adından başqalarına hüquq verən saxta sənədlərin hazırlanması;

bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin saxta sənədlər əsasında satılması;

bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə əmlakı barəsində təkbaşına qərar verilməsi;

bələdiyyənin vəzifəli şəxsləri tərəfindən bələdiyyə torpaqlarının istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi;

bələdiyyə əmlakının mənimsənilməsi və ya israf edilməsi;

bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətinin, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiymətinin bazar qiyməti nəzərə alınmadan real dəyərindən daha aşağı müəyyən edilməsi;

bələdiyyənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində yerli vergi və ödənişlərin, o cümlədən icarə haqlarının toplanması işinin aşağı səviyyədə təşkil edilməsi, bununla da bələdiyyənin maliyyə vəziyyətinin əsaslı şəkildə pisləşməsi.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılıb və təhlil nəticəsində məlum olub ki:

Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergiödəmə obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir;

Region bələdiyyələri üzrə isə əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi və ya təyinatından kənar istifadə olunması, qeyri-qanuni istifadə edilən, habelə icarə müddəti bitmiş torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbirin görülməməsi kimi nöqsanlara yol verilir.


Sizin reklam burada
Sizin reklam burada