Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib.
DİM-dən verilən məlumata görə, imtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 rəhbər, 2 ümumi rəhbər, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Nəticələrin "Danışıq bloku" imtahanı keçiriləndən iki həftə sonra elan olunacağı bildirilib.
"İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan noyabrın 24-də keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq. Bu imtahanda iştirak edəcək namizədlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar", - məlumatda qeyd olunub.
Bildirilib ki, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 1-də keçiriləcək.




