Azərbaycan Prezidenti cənab İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi hazırda uğurla davam etdirilir. İlk olaraq Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulsun.Bir neçə gün sonra Bakının Xəzər rayonunda da layihənin icrasına başlanması nəzərdə tutulub.
News365.az xəbər verir ki, bununla əlaqədar Xəzər RİH-də Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin
rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin
iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirədə
çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 6 il ərzində
həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və
qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib.
Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən
164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin
istifadəsinə verilib. Qeyd edilib ki, cənab Prezidentin həyata keçirdiyi siyasət
sayəsində əhalinin rifah səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə
daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizliyi göz
oxşayır.
Müşavirədə
Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hesabatı dinlənilib,
rayonun və ümumilikdə şəhərin sanitar təmizliyi məsələlərində mühüm rol oynayan
bu layihənin Xəzər rayonunda da uğurla tətbiqi ilə bağlı, xüsusi olaraq sakinlər
arasında maarifləndirmə işlərinə ciddi fikir verilməsi ilə bağlı müvafiq
tapşırıqlar verilib, xidmətlərin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirilib.
Qeyd
edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində
paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib. Yaxın günlərdə
sözügedən layihənin icrasına qoşulacaq Xəzər rayonunda aparılacaq maarifləndirmə
işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin
könüllüləri də iştirak edəcəklər.
News365.az