Azərbaycanda yay mövsümünün gəlişi ilə avtomobil bazarında gözlənilən ənənəvi canlanma bu il özünü doğrultmadı. Ekspertlər bazarda qeyri-müəyyənliyyin hökm sürdüyünü və ciddi bir qiymət rəqabətinin başladığını bildirirlər.
Mövcud vəziyyət, qiymət dəyişiklikləri və alıcıların yeni davranışları ilə bağlı News365.az-ın suallarını "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev cavablandırıb.
Eyyub Əliyev: "Bazarda qiymət müharibəsi gedir, maşınlar maya dəyərindən ucuza təklif olunur"
– Eyyub müəllim, yay gəlsə də avtomobil bazarında durğunluq hiss olunur. Gözləntilər niyə doğrulmadı?
– Bəli, təəssüf ki, satışlar gözlədiyimiz seviyyədə deyil. Bu vəziyyətin kökündə ötən ildən qalan problemlər dayanır. Bilirsiniz ki, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan gömrük və vergi güzəştləri bu ildən ləğv edildi. Bunun belə olacağını hələ ötən ilin III rübündən bilən paralel idxalçılar və investorlar ölkəyə rekord sayda avtomobil gətirdilər. Həmin vaxt maşınlar 5-10 günə satılırdı, gəlir böyük idi. Lakin bu ilin əvvəlindən etibarən satışlar kəskin şəkildə zəiflədi və bazarda böyük bir satılmamış avtomobil ehtiyatı (stok) yarandı.
– Bu durğunluq qiymətlərə necə təsir göstərdi? Alıcılar nə qazanır, nə itirir?
– Satışın zəifləməsi idxalçıları çətin vəziyyətə salıb. Aylarla maşın sata bilməyən satıcılar və investorlar təşvişə düşərək avtomobilləri əvvəlcə maya dəyərinə, indi ise hətta maya dəyərindən də aşağı qiymətə satmağa başlayıblar. Hazırda bazarda əsl "qiymət müharibəsi" gedir. Bir satıcı qiyməti endirən kimi, digəri də müştəri itirməmək üçün eyni addımı atır.
Bu da maraqlı bir alıcı davranışı formalaşdırıb: alıcı baxır ki, bu gün 32 min manata təklif olunan maşın bir neçə gündən sonra 30 minə, hətta 29 minə düşür. Ona görə də "bəlkə bir az da ucuzlaşdı" deyərək alış qərarını təxirə salır. Bu isə durğunluğu daha da dərinləşdirir.
– Bəs rəsmi dilerlərdə və ikinci əl bazarında vəziyyət necədir?
– Rəsmi dilerlərdə də bu vəziyyətdən təsirləniblər. Onlar istehsalçı zavodlarla danışıqlar apararaq qiymət siyasətinə yenidən baxdılar və daha münasib şərtlər təklif edirlər. Beləcə, rəsmi dilerlərdə paralel idxalçılar arasındakı qiymət fərqi minimuma enib.
İkinci əl bazarında isə müsbət dinamika var. Xüsusilə Cənubi Koreya, Yaponiya və Almaniya istehsalı olan, bazarda özünü doğrultmuş etibarlı modellərə maraq xeyli yüksəlib. Digər tərəfdən, Çinin tətbiq etdiyi yeni qayda – avtomobillərin istehsaldan sonra 6 ay keçmədən ölkədən çıxarılmasına qoyulan məhdudiyyət də xaotik idxalın qarşısını alacaq. Bu qayda yaxın aylarda bazarda müəyyən tarazlıq yarada bilər.
News365.az