Fransanın Azərbaycan siyasətinin arxasında nə dayanır?

Fransanın Azərbaycan siyasətinin arxasında nə dayanır?
16:23

Fransa beynəlxalq hüquq və xalqların öz müqəddəratını təyinetmə hüququndan danışsa da, onun Cənubi Qafqazdakı siyasəti və dənizaşırı ərazilərdəki mövqeyi bu yanaşmanın nə dərəcədə ardıcıl olduğu barədə suallar yaradır. Parisin regionda təsir imkanlarını qorumaq cəhdləri ilə müstəmləkəçilikdən miras qalan problemlər arasında diqqətçəkən paralellər var.

News365.az xəbər verir ki, bu barədə politoloq Şəbnəm Həsənova Fransanın Azərbaycana münasibətini şərh edərkən bildirib.

Onun fikrincə, Fransanın siyasətində iki əsas istiqamət diqqət çəkir: Cənubi Qafqazda geosiyasi mövqelərini qorumaq və dənizaşırı ərazilərdə siyasi, iqtisadi və strateji təsir imkanlarını itirməmək. Bu yanaşma Parisin həm region ölkələri ilə münasibətlərinə, həm də müstəmləkəçilik keçmişindən qaynaqlanan problemlərə münasibətinə təsir göstərir.

Politoloq hesab edir ki, Fransanın əsas ziddiyyəti suverenlik və xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə etdiyini bəyan etməsinə baxmayaraq, ayrı-ayrı məsələlərdə bu prinsiplərə zidd mövqe sərgiləməsidir. Onun sözlərinə görə, Fransanın dənizaşırı ərazilərində yaşayan bəzi xalqların siyasi statusu, müstəqillik tələbləri və hüquqları ilə bağlı problemlər hələ də həllini tapmayıb. Kanak xalqının öz müqəddəratını təyinetmə prosesi ətrafında mübahisələr də bu məsələlər sırasındadır.

Şəbnəm Həsənova vurğulayıb ki, Fransa Cənubi Qafqazda siyasi təsir imkanlarını itirməklə barışmaq istəmir. Onun qənaətinə görə, Parisin Azərbaycana münasibətində uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövrünün siyasi yanaşmaları da özünü göstərir.

“Cənubi Qafqazda siyasi təsirini itirən Fransa uzun müddətdir Azərbaycandan əl çəkə bilmir. Bu proses Azərbaycan torpaqlarının təxminən 30 il ərzində işğal altında olduğu dövrü və ondan sonrakı mərhələni əhatə edir”, – deyə politoloq bildirib.

O xatırladıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri Fransa olub. Politoloqun fikrincə, rəsmi Paris Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirsə də, münaqişə dövründə Ermənistanın mövqeyinə daha çox siyasi dəstək verib.

Paris regionda mövqelərini qorumağa çalışır

Politoloq hesab edir ki, Ermənistanla yaxın münasibətlər və müdafiə sahəsində əməkdaşlıq Fransanın Cənubi Qafqaz siyasətində mühüm yer tutur. Paris bu əlaqələr vasitəsilə regiondakı mövqelərini qorumağa və təsir imkanlarını genişləndirməyə çalışır.

Lakin regionda yaranan yeni geosiyasi reallıqlar Fransanın əvvəlki təsir imkanlarını məhdudlaşdırır. Azərbaycanın regional kommunikasiyalarda, enerji layihələrində və diplomatik proseslərdə artan rolu bu dəyişikliklərin əsas göstəricilərindəndir.

Şəbnəm Həsənovanın sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət yürüdərək öz milli maraqlarını qorumaqda qətiyyət nümayiş etdirir. Paris isə bu siyasətin regional təsirlərini azaltmağa çalışır və öz siyasi-təhlükəsizlik maraqlarını ön plana çıxarır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və Şərqlə Qərb arasında nəqliyyat əlaqələrinin inkişafında oynadığı rol da ölkənin beynəlxalq mövqeyini gücləndirən amillərdəndir. Bu reallıqlar fonunda regionda siyasi təsir uğrunda rəqabət daha da əhəmiyyət qazanır.

Müstəmləkəçilikdən qalan problemlər

Fransanın dənizaşırı ərazilərindəki vəziyyətə toxunan politoloq bildirib ki, yerli xalqların hüquqları, siyasi təmsilçiliyi, torpaq məsələləri və iqtisadi bərabərsizliklə bağlı problemlər davam edir. Müstəqillik tərəfdarları ilə Fransa hakimiyyəti arasında ziddiyyətlərin kəskinləşməsi isə bu ərazilərdəki siyasi vəziyyəti daha da mürəkkəbləşdirir.

Onun fikrincə, müstəmləkəçilikdən miras qalan münasibətlər yerli xalqların hüquqlarının tam təmin olunmasına mane olur. Fransa isə həmin ərazilərdə hərbi mövcudluğunu və strateji təsir imkanlarını qorumağa çalışır.

Beləliklə, politoloqun qiymətləndirməsinə görə, Fransanın həm Cənubi Qafqazdakı siyasəti, həm də dənizaşırı ərazilərlə bağlı yanaşması rəsmi Parisin bəyan etdiyi prinsiplərlə real siyasi addımları arasındakı ziddiyyətləri gündəmə gətirir.


Sizin reklam burada
Sizin reklam burada