Yeni qanunvericilik dəyişikliklərinə əsasən, Azərbaycanda elektrik enerjisi və qaz təchizatı ilə bağlı sabit tariflər tətbiq olunacaq. Bu dəyişikliklərə görə, istifadəçi mənzildə yaşasa da, yaşamasa da, aylıq sabit ödəniş etməli olacaq. Bu, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənmiş məbləğ əsasında formalaşacaq.
İqtisadçı Razi Abasbəyli News365.az-a bildirib ki, bu yanaşma bir çox Avropa ölkələrində illərdir tətbiq olunur və müəyyən üstünlükləri var:
“Avropada qaz və elektrik enerjisində sabit və dəyişkən tarif modelləri var. Sabit tarif abunəçiyə müəyyən müddət ərzində – məsələn, 1 və ya 2 il ərzində qiymətin dəyişməyəcəyi zəmanətini verir. Bu sistem, xüsusilə şəhər yerlərində geniş yayılıb. Digər variant isə bazar qiymətlərinə əsaslanan dəyişkən tariflərdir ki, bu da daha çevikdir və istifadəçiyə təchizatçı seçmək imkanı verir.”
Ekspert bildirir ki, bəzi ölkələrdə vətəndaşlara vahid tariflə limitsiz qaz istifadəsi təklif olunur. Bu zaman istifadəçi əvvəlcədən müəyyən müddətə müqavilə bağlayır və sərbəst şəkildə qazdan istifadə edir. Belə modellər həm sabitlik, həm də planlaşdırma baxımından vətəndaş üçün daha rahatdır.
Bununla belə, Razi Abasbəylinin fikrincə, Avropa təcrübəsinin Azərbaycanda tətbiq olunması zamanı ölkənin sosial-iqtisadi reallıqları da nəzərə alınmalıdır:
“Azərbaycanda orta və minimum əməkhaqqı Avropadakı göstəricilərlə müqayisədə daha aşağıdır. Sabit tarif sistemi tətbiq edilərkən vətəndaşların gəlirləri, yaşayış səviyyəsi, sosial müdafiə imkanları da paralel şəkildə qiymətləndirilməlidir. Əks halda bu yeniliklər bəziləri üçün əlavə maliyyə yükünə çevrilə bilər.”
Hazırda sabit tarif modeli ilə bağlı geniş ictimai müzakirələr davam edir. Detalların yaxın aylarda dəqiqləşdirilməsi gözlənilir.