"Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyimizin təməlini qoydu"- Sultan Zahidov

"Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyimizin təməlini qoydu"- Sultan Zahidov
28 May 2025 15:55

"Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyimizin təməlini qoydu"-

Politoloq Sultan Zahidov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradıldı və fəaliyyət göstərdiyi 23 ay ərzində bir sıra vacib qərarlar qəbul etdi. AXC parlamenti tərəfindən qəbul edilən bu qərarlar Cümhuriyyətin möhkəmlənməsi, inkişafı, sosial rifahı, habelə Azərbaycanda yaşayan xalqların hüquqlarının və təminatlarının qorunmasına xidmət edirdi.

İstiqlal Bəyannaməsinə nəzər yetirsək, görərik ki, orada AXC-nin əsas prinsipləri əks olunub. Bu prinsiplər arasında ən vaciblərindən biri də düşünürəm ki, müstəqil Azərbaycan dövlətçiliyi prinsipidir. Həmin bəyannamə ilə Cənubi Qafqazda müstəqil Azərbaycanın yaradılmasının əsası qoyuldu və bu, 1991-ci ildə ölkəmizin yenidən müstəqilliyini bərpa etməsində mühüm rol oynadı.

Baxmayaraq ki, Azərbaycan 70 ilə yaxın Sovet işğalı altında oldu, Sovet İttifaqı dağıldıqdan sonra xalqımız öz müstəqilliyini bərpa etməyə müvəffəq oldu. Bu yolda AXC-nin qoyduğu dövlətçilik xəttinin xüsusi əhəmiyyəti var.

Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən biri də ondan ibarətdir ki, o dövrdə bütün dövlətlərlə, xüsusilə qonşu ölkələrlə normal münasibətlərin qurulması niyyəti bəyan olunmuşdu. Bu gün də Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri məhz həm qonşu ölkələrlə, həm də digər region dövlətləri ilə yaxın əlaqələr qurmaqdır.

Digər vacib məsələ isə ölkəmizdə yaşayan fərqli xalqlara qarşı tolerant yanaşmadır. AXC dövründə bu tolerantlıq siyasətini parlamentin tərkibində də görə bilərik – müxtəlif xalqların, o cümlədən ermənilərin nümayəndələri parlamentdə təmsil olunmuşdular. Bu gün də Azərbaycanda yaşayan fərqli etnosların hüquqları və təhlükəsizliyi tam şəkildə təmin olunur, onlar ölkədə digər xalqlarla bərabər şəkildə harmoniya və sülh şəraitində yaşayırlar.

Bu, Azərbaycanın həyata keçirdiyi multikulturalizm və tolerantlıq siyasətinin bariz nümunəsidir. Məsələn, dünyanın müxtəlif ölkələrində təqib olunan yəhudi icmaları Azərbaycanda rahat və təhlükəsiz şəkildə öz həyatlarını davam etdirə bilirlər.

Nəticə olaraq deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını təşkil edən prinsiplər bu gün də müstəqil dövlətimizin təməl prinsipləri kimi qalır. 23 ay ərzində bu prinsiplərin həyata keçirilməsi üçün ciddi addımlar atıldı. Düzdür, sonra ölkə işğala məruz qaldı və bir çox planlaşdırılan layihələr və islahatlar həyata keçirilə bilmədi. Lakin həmin islahatlar Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra reallaşdırıldı. Ən önəmlisi isə, ölkəmiz erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmiş oldu."- deyə fikirlərini bildirib. 


Sizin reklam burada
Sizin reklam burada