"Tərəflər arasında müxtəlif sahələri əhatə edən bir sıra əməkdaşlıq sənədləri imzalanıb."
Politoloq Tural İsmayılov bu sözləri News365.az-a deyib.
"28 aprel 2025-ci il tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Prezident Məsud Pezeşkiyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirib. Görüşdən sonra iki ölkə lideri birgə bəyanatla çıxış edərək qarşılıqlı münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Tərəflər arasında müxtəlif sahələri əhatə edən bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Bu razılaşmalar regionun təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından mühüm strateji əhəmiyyət kəsb edir.
Prezidentlər görüş zamanı Azərbaycan-İran əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb, xüsusilə iqtisadi, ticarət, nəqliyyat, energetika və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı iradəni ifadə ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı ətrafında həyata keçirilən layihələrin strateji önəmindən bəhs edib və bu təşəbbüslərin davam etdiriləcəyini bildirib.
Tərəflər həmçinin regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar. Görüşdə İran Prezidenti Məsud Pezeşkiyan Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədiklərini bəyan edərək, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu açıq şəkildə ifadə edib.
Azərbaycan və İran prezidentlərinin görüşü həm ikitərəfli, həm də regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə “3+3” platforması çərçivəsində birgə fəaliyyətin davam etdirilməsi regional sabitliyə və tərəfdaşlığa töhfə verəcək.
Rəsmi səfər çərçivəsində əldə olunan razılaşmaların icrası qarşıdakı dövrdə Azərbaycan-İran münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir."