İran Azərbaycan üçün strateji nəqliyyat layihələrinə alternativ təkliflər irəli sürsə də, Azərbaycanın əsas hədəfi Zəngəzur dəhlizinin açılması olaraq qalır.
Bu barədə News365.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.
Ekspert qeyd edib ki, hazırda İran ərazisindən keçən yeni nəqliyyat-kommunikasiya xəttinin çəkilişi sürətlə davam edir və bu layihədə Azərbaycanla İran arasında razılıq mövcuddur. Lakin onun fikrincə, bu alternativ layihə Azərbaycanı tam şəkildə qane etmir.
“Azərbaycanın əsas qırmızı xətti və milli maraqlarından biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz Ermənistan ərazisindən keçəcək və bu, həmin ölkənin suverenliyinə heç bir xələl gətirmir – bu sırf iqtisadi xarakterli layihədir”, – deyə politoloq bildirib.
Sahil Kərimli həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı təkcə Azərbaycanın deyil, Türkiyənin, eləcə də ABŞ və Çinin də maraqları mövcuddur:
“ABŞ və Çin kimi qlobal güclər də bu dəhlizin İran ərazisindən deyil, Ermənistan üzərindən keçməsində maraqlıdırlar. Çünki bu marşrut Orta Dəhlizin əsas hissəsidir və Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirir. Burada Azərbaycanın təqdim etdiyi model – yəni Zəngəzur dəhlizi – daha əlverişli və strateji baxımdan önəmlidir”.
Politoloqun fikrincə, bu layihədə region ölkələri ilə yanaşı beynəlxalq güclərin də iştirakı və dəstəyi vacibdir