Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun (qüvvə) növlərində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub.
News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirlər Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi və ictimai-siyasi əhəmiyyəti barədə ətraflı məlumat verilib, bu əlamətdar günün milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyi vurğulanıb.
Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar qəbul olunub və bu təşəbbüslə bağlı ölkə parlamentinə müraciət edilib. Həmin ilin dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə müvafiq qanun qəbul edilib.
Bayram tədbirləri zamanı müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçilik və ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətləri xüsusi diqqətə çatdırılıb.
Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər nümayiş etdirilib, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar, viktorinalar keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivlərinin təqdim etdiyi konsert proqramları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bayram günündə, həmçinin hərbi qulluqçular tərəfindən şəhid ailələri ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.




