Bu ölkəyə köçsəniz sizə mənzil, üzərində də 84 min avro ödəniləcək. Şərtləri isə çox sadədir. Bəli bu tam real dövlət proqramıdır. Söhbət İrlandiyadan gedir. Bu videoda sizə bu proqramdan necə yararlana biləcəyinizdən, ümumi olaraq İrlandiyada danışacam.
İrlandiya Respublikası – Qərbi Avropada yerləşən, 70 273 km² əraziyə sahib bir ada ölkəsidir. Onun yeganə quru sərhəd qonşusu isə nəzarət məntəqəsi olmayan Böyük Britaniyanın bir hissəsi Şimali İrlandiyadır. Özünəməxsus yaşıl təbiəti ilə "Zümrüd Ada" kimi tanınan İrlandiya, qədim şəhərlərinin irsini yaşadan adət-ənənələri, musiqinin və xoşbəxtliyin heç əskik olmadığı mükəmməl bir yerdir.
Ölkə 5.3 milyon insana ev sahibliyi edir və dünyanın ən zəngin əhalilərindən birinə sahibdir. O qədər ki, rəsmi mənbələrə görə, İrlandiyanın əhalisi Norveç, Sinqapur və Qətər kimi ölkələrdəkindən daha varlıdır. Hətta hər 10 ailədən biri milyonerdir.
Əhalinin 84%-ni irlandiyalılar, qalan hissəsini isə əsasən britaniyalılar, polyaklar və hindlilər təşkil edir. Tarixin ən böyük fəlakətlərindən birini yaşamış İrlandiya, dünya üzrə əhalisi keçmişə nisbətən azalmış nadir ölkələrdən biridir. Əslində, 1840-cı illərdə bu torpaqlarda 8 milyon insan yaşayırdı. Qıtlıq dövründə 1 milyon insan həyatını itirdi, hər iki irlandiyalıdan biri isə ölkəsini tərk etməyə məcbur oldu.
Gördüyünüz bu bayraq İrlandiyanın bir qəsəbəsinə məxsusdur. Üzərində ay-ulduz simvolunun olması isə Osmanlı imperiyasının həmin qıtlıq dövründə İrlandiyaya yardım etməsinə bir təşəkkür işarəsidir. Bu hadisədən sonra irlandiyalılar dünyanın hər tərəfinə yayıldılar və bu gün onların ümumi sayı 70 milyon civarındadır.
ABŞ-da İrlandiya əhalisinin 6 qatından çox, yəni 32 milyon İrlandiya əsilli insan yaşayır. Əhalinin 69%-i katolik, 6.8%-i digər xristian məzhəblərinə mənsubdur, 14%-i isə ateistdir. Bir zamanlar katolikliyin hakim olduğu bu torpaqlarda dinin təsiri hər keçən gün azalır.
Xalq əsasən ingilis dilində danışsa da, küçə lövhələrində, internet saytlarında və televiziyada İrland dili də geniş istifadə olunur. Maraqlıdır ki, İrland dilində "bəli" və "xeyr" sözləri yoxdur. Məsələn, "Gələcəksənmi?" sualına "Gələcəyəm" və ya "Gəlməyəcəyəm" kimi cavab verilir.
Əhalinin 42%-i İrland dilini yaxşı bilir, lakin cəmi 2%-i onu gündəlik həyatda istifadə edir. Yerli əhalinin mədəniyyətlərini və dəyərlərini unutmasının qarşısını almaq üçün məktəblərdə İrland dili tədrisi məcburidir.
İrlandiya Avropa İttifaqına üzvdür. Burada saatlıq minimum əmək haqqı 12.70 avrodur. Həftədə 40 saat çalışan biri təxminən 2000 avro, orta maaş isə ümumilikdə 3000 avrodur. Qab yuyanlar 2000, vəkillər 4000, həkimlər 6000, mühəndislər isə orta hesabla 7000 avro qazanır. Lüksemburqdan sonra İrlandiya dünyanın ən zəngin ölkəsidir.
Google, Apple, Microsoft, Meta və Amazon kimi texnologiya nəhəngləri, eyni zamanda böyük dərman şirkətləri Avropadakı mərkəzlərini burada qurublar. Çünki burada korporativ vergilər çox aşağıdır. İrlandiya ən asan iş vizası verən ölkələrdən biridir. İşçi əhalinin təxminən 5%-i xarici vətəndaşlardır.
Bu qrupun ən böyük hissəsini Avropa İttifaqı və Böyük Britaniya vətəndaşları təşkil edir, onları isə hindlilər, braziliyalılar və pakistanlılar izləyir. Hazırda 140 mindən çox qaçqına ev sahibliyi edən ölkəyə yalnız 2023-cü ildə 97 min ukraynalı yerləşdirilib.
Videonun əvvəlində də dediyim kimi, İrlandiya hökuməti ölkənin dəniz adalarından birində yaşamaq istəyənlərə ev verir. Üstəlik, bunun üstündə 84 min avroya qədər də pul ödəyir.2023-cü ilin iyul ayından etibarən, “Vakant əmlakın yenidən inkişafı” qrant proqramı çərçivəsində maliyyələşmə uyğun adalarda yerləşən boş və ya sahibsiz əmlakları yenidən inkişaf etdirənlər üçün əlçatandır.
Bu siyasət adaların əhalisini artırmaq, həmçinin mənzil və infrastrukturu yaxşılaşdırmaq və əsas səhiyyə və təhsil xidmətlərinə daha yaxşı çıxışı təmin etmək məqsədi daşıyır.
Lakin əhəmiyyətli qrantlar yalnız 2007-ci ildən gec olmayaraq tikilmiş ev almaq istəyənlərə verilir və əmlak ən azı iki il ərzində boş olmalıdır. Və bu, ciddi təmir xərclərinə səbəb ola bilər - və pulla müəyyən tələlər gəlir.
Proqrama daxil olan cəmi 23 ada var. 2016-cı ilə qədər bu adalarda cəmi 2734 nəfər yaşayırdı.
Proqram çərçivəsində köçürülə bilən adalara İrlandiyanın qərb sahillərində yerləşən Aran adalarının ən böyüyü və ən məşhuru olan İnişmor daxildir. 2016-cı il vəziyyətinə görə onun əhalisi 762 nəfər olub.
Siz həmçinin İrlandiyanın ən cənubunda olan Klir-Aylendə də gedə bilərsiniz. 2016-cı il siyahıya alınmasına əsasən, əhalisi 147 nəfər olub.
Bəs bunun qarşılıgında sərtlər nələrdir?
• Adalardan birində təmir işləri aparmağa qərar verənlər boş mülkü təmir etmək üçün 60.000 avroya qədər və ya əmlak tam tərk edilibsə, 84.000 avroya qədər pul ala bilərlər.
• İrlandiya sakini olub-olmamasından asılı olmayaraq hər kəs təmir olunacaq əmlak almaq və orada daimi yaşamaq və ya icarəyə vermək niyyətindədirsə, müraciət edə bilər. Ancaq onu istirahət evi kimi istifadə etmək olmaz.
• Əmlakı icarəyə vermək üçün təmir etməyi planlaşdıranlar üçün bu, qeydiyyatdan keçmiş şirkət və ya tərtibatçı kimi etmədikləri halda mümkündür.
• Boş daşınmaz əmlakın yenidən qurulması qrantı yerli hökumətlər tərəfindən mənzilYerli idarəetmə və mədəni irs departamenti adından verilir. Beləliklə, hər bir yerli hakimiyyət qrant üçün müraciət etmək qərarını verir.
• Mülklər 2007-ci ildən gec olmayaraq tikilməli və müraciət zamanı iki il və ya daha çox boş qalmış olmalıdır. Hər bir ərizəçi bunun sübutunu təqdim etməlidir.
• Qrant məbləği yerli orqan tərəfindən təsdiq edilmiş işlərə əsaslanacaq və yerli orqan tərəfindən yekun yoxlamadan sonra hesab-fakturalar, qəbzlər kimi sübutlar əsasında ödəniləcək.
• Maksimum 84 min avro qrant tələb etmək və sahibsiz binanı təmir etmək istəyənlər üçün belə mülklər bəzən hər bir yerli hakimiyyət orqanının apardığı sahibsiz əmlak reyestrində tapıla bilər.
• Ərizəçilər əmlakın onların əsas şəxsi yaşayış yeri olub-olmayacağını və ya icarəyə veriləcəyini izah etməlidirlər. Qrant həm ev sahiblərinə, həm də icarəyə götürənlərə verilir.
• Şəxs qrantın ödənildiyi tarixdən ən azı 10 il müddətinə uyğun yaşayış yerində yaşamalı və ya icarəyə götürməlidir.
• Əgər kimsə evini satmaq qərarına gəlsə və ya bura onun əsas yaşayış yeri olmaqdan çıxsa və ya artıq icazə verilməsə, o, qrantın hamısını və ya bir hissəsini yerli hakimiyyət orqanlarına qaytarmalı ola bilər.
İcarə haqqlarına baxdıqda isə, adalarda ev kirayə elanı tapa bilmədim, amma ölkə üzrə götürsək Dublin şəhərində 1 otaqlı mənzillərin qiyməti 2200-2500 avro, 2 otaqlılar isə 2500-3000 avro arasında dəyişir. Otaq kirayəsi isə 500-1000 avro civarındadır.
Ölkənin şəhər quruluşu çox nizamlıdır. Çarpıq şəhərsalma demək olar ki, yoxdur. Hər evin yaxınlığında mütləq yaşıllıqla dolu bir park var.
Düzənin pozulmaması üçün evlərin görünən yerlərində paltar asmaq belə qadağandır. Dublin şəhərində demək olar ki, hər evin qapısı fərqli rəngdədir. Bir əfsanəyə görə, yan-yana yaşayan iki yazıçıdan biri, qapısını daim səhv döyən sərxoş qonşusunun qarşısını almaq üçün onu yaşıl rəngə boyamışdı. Bu hadisə şəhərdə rəngli qapıların yayılmasına ilham verib. Onların həyat tərzini və mədəniyyətlərini əks etdirən, evləri qədər dəyər verdikləri məkanlar isə pablar dır. Pab sözü əslində "public house" deməkdir. Onlar bu məkanlarda yalnız içki içmir, sosiallaşır, rəqs edirlər. Hətta uşaqlar üçün belə tədbirlər təşkil olunur. Əslində pablar əvvəllər mehmanxana kimi fəaliyyət göstərən və 24 saat açıq olan yerlər idi. Təməli 900-cü illərə dayanan dünyanın ən qədim pabı olan "Shands Bar" İrlandiyada yerləşir. Hətta ölkədə kilsədən pab çevrilmiş bir məkan da var. Pab mədəniyyətində vacib bir ənənə mövcuddur. Bir qrup birlikdə içki içərkən hər biri növbə ilə bütün içkiləri ısmarlayır. Onların bu ritualı bəlkə də sosial strukturlarının canlı qalmasını təmin edir. Ginnes Rekordlar Kitabının adı isə ölkənin ən məşhur içkisi olan Guinness pivəsindən gəlir.
Yerli dildə "həyat suyu" mənasını verən viski və viskidən hazırlanan qəhvə digər məşhur içkilərdəndir. Bu arada, irlandiyalılar türklərdən sonra dünyada ən çox çay istehlak edən xalqdır. Qanunlara görə, ölkənin bəzi şəhərlərində özünə və ətrafına təhlükə yaradacaq qədər sərxoş olmaq və parklarda, ictimai yerlərdə spirtli içki qəbul etmək qadağandır.
Bununla belə, hər 100 irlandiyalıdan 20-si alkoqol asılısıdır. Burada adambaşına düşən illik alkoqol istehlakı 12,7 litrdir. Hər gün 3 nəfər alkoqolun yaratdığı xəstəliklər səbəbindən dünyasını dəyişir, 2000 nəfər isə xəstəxanaya yerləşdirilir.
İrlandiya Avropada alkoqol və tütün məhsullarının ən bahalı olduğu ölkədir. Bu, həmçinin alkoqollu içkilər üzərində sağlamlıq xəbərdarlığı etiketlərini məcburi hala gətirən ilk ölkədir. Digər tərəfdən, araşdırmalar göstərir ki, İrlandiyada hər 10 nəfərdən 6-sı həyatlarının müəyyən bir dövründə maddə asılılığı yaşayıb.
Ölkə, asılılıq səbəbilə baş verən ölümlərə görə Avropada 3-cü yerdədir. Yerli sakinlər və turistlər paytaxt Dublinin, xüsusilə gecələr sidik və qadağan olunmuş maddələrin qoxusu ilə dolu olduğunu bildirirlər.
İrlandiya dünyanın ən dinc 3-cü ölkəsi hesab edilir. Lakin xalqın narazılıq etdiyi başqa bir məsələ isə səhiyyə sistemidir. İnsanlar xəstə olduqda istədikləri kimi xəstəxanaya gedib pulsuz müayinə oluna bilmirlər. Əvvəlcə, qeydiyyatda olduqları ailə həkiminə müraciət etməlidirlər. Ancaq bu həkimlərdən randevu almaq da asan deyil. Xəstəxanaya yalnız həkim yönləndirərsə gedə bilərlər. Burada 24 saat fəaliyyət göstərən aptek tapmaq isə demək olar ki, mümkünsüzdür.
Burada metro yoxdur. Sadəcə dağətəyi bölgələrdə işləyən bir tramvay xətti və şəhərlərarası nəqliyyatı təmin edən qatarlar var. Ancaq ölkədən xaricə getmək olduqca asandır.
Burada insanlar cəmi 2 saatlıq əməkhaqqı ilə ölkə dəyişə bilirlər. Çünki dünyanın demək olar ki, hər yerinə ucuz nəqliyyat xidməti göstərən hava yolları şirkətləri mövcuddur.
İrlandiya, əsasən, yağışlı və tutqun hava şəraiti ilə tanınır. Bu da insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Bəs İrlandiyalılar ümumiyyətlə necə insanlardır? İlk növbədə, onların xarakterik görünüşü var. İnsanların 86%-nin ya mavi, ya da yaşıl gözləri var. 77%-i isə çox açıq dəri rənginə və ya çillərə sahibdir. Dünyada qırmızı saçlı insanların nisbəti 2%-i belə keçmədiyi halda, İrlandiya və Şotlandiya ən çox qırmızı saçlı insanın yaşadığı ölkələrdəndir. Burada hər 10 nəfərdən biri qırmızı saçlıdır. Onların çoxunun soyadı "oğul" mənasını verən "mek" və "nəvə" mənasını verən "ov" kimi ön şəkilçilərlə başlayır.
İrlandiyalılar olduqca mehriban və nəzakətlidirlər. Həm də yüksək yumor hissinə malikdirlər. Elə bu səbəbdən pandemiya zamanı hökumət rəsmi qərarla Yeni il ərəfəsində Şaxta Babaya uşaqlara oyuncaqlar paylaya bilməsi üçün uçuş icazəsi verdi. Bu, onların zarafatcıl xarakterinin bir nümunəsidir. Daha gülməli olmaq üçün hətta xüsusi bir ritualları da var. Blarney qalasında yerləşən bir daşı öpənlərin zarafat etmək bacarığının artacağına inanılır. Hər il 400 mindən çox insan məhz bu məqsədlə həmin qalaya baş çəkir. Bununla yanaşı, irlandlar mübariz və azad ruhlu insanlardır.
"Boykot" sözünün mənşəyi də irlandlara aiddir. Kəndlilərin qiymət endirimi tələbini rədd edən torpaq sahibi Çarlz Boykott kəndlilər tərəfindən tamamilə ictimai həyatdan təcrid olundu. Hətta poçtalyon belə ona məktublarını çatdırmırdı. Bu etiraz nəticəsində "boykot" sözü meydana gəldi.
boşanma 1995-ci ilə, abort isə 2018-ci ilə qədər qanuni deyildi. Lakin son illərdə cəmiyyətin dəyərləri dəyişməyə başladı. İrlandiya 2015-ci ildə referendum yolu ilə eynicinsli evliliyi qanuniləşdirən ilk ölkə oldu.
Hökumət təhsili daha dünyəvi hala gətirmək üçün addımlar atsa da, bu gün ibtidai məktəblərin 90%-i hələ də katolik kilsəsi tərəfindən idarə olunur. Yalnız oğlan və ya qız uşaqlarının təhsil aldığı məktəblər də mövcuddur.
Bu gün İrlandiya və Şimali İrlandiyanın iki ayrı ölkə olmasının əsas səbəblərindən biri də dini inanclardır. Birləşmiş Krallıqda protestantlıq yayıldıqda, katolik dininə sadiq qalanlar inancına görə daim təzyiqlərə məruz qaldılar. Məsələn, irland katoliklər torpaq sahibi ola bilməz, təhsil ala bilməz və irland dilində danışa bilməzdilər. Zaman keçdikcə bu dini ayrı-seçkilik siyasi və mədəni qarşıdurmalara çevrildi. Uzun sürən münaqişələrdən sonra xalq 1922-ci ildə Birləşmiş Krallıqdan ayrılaraq adanın cənubunda müstəqilliyini elan etdi. Şimalda isə protestant inancına bağlı olan və Birləşmiş Krallıq tərəfindən idarə olunan muxtar bir dövlət quruldu.
İrlandiya bayrağında yaşıl rəng katolikləri, narıncı rəng protestant irlandları, ağ rəng isə birləşmə ümidi və aralarındakı sülhü simvolizə edir.
Bu gün demək olar ki, bütün dünyada qeyd edilən Halloven Bayramının kökləri də İrlandiyaya gedib çıxır. Keltlərin dilində "Samhain" yay fəslinin bitməsi və qışın başlamasını qeyd edən, eyni zamanda həm yaxşı, həm də pis ruhların dünyaya gəldiyinə inanılan bir gündür. İnsanlar qorxunc kostyumlar geyinərək pis ruhların onları tanımamasını təmin etməyə çalışırdılar.
İrlandiya qalaları ilə məşhur bir ölkədir. Orta əsrlərdən etibarən həm müdafiə, həm də güc və nüfuz simvolu olaraq bu kiçik ölkədə 30 mindən çox qala tikilib. Burada sayları çox olan başqa bir şey isə qara sifətli "safet" cinsli qoyunlardır. Bu heyvanların sayı ölkə əhalisinin sayını belə keçib.
Kamal Hüseynli