ATƏT-dən Minsk prosesinin bağlanmasına REAKSİYA

ATƏT-dən Minsk prosesinin bağlanmasına REAKSİYA
16:05

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və təşkilatın baş katibi Feridun H. Sinirlioğlu Ermənistan və Azərbaycan tərəfindən verilmiş Birgə Müraciət əsasında Minsk prosesi və onunla bağlı strukturların bağlanmasına dair Nazirlər Şurasının qərarını alqışlayıblar.

News365.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat dərc olunub.

Valtonen Ermənistan və Azərbaycanı sülh və münasibətlərin normallaşması istiqamətində əldə etdikləri tarixi razılaşmalara və onların operativ icrasına başlamaq barədə qətiyyətlərinə görə bir daha səmimi-qəlbdən təbrik edib.

“Birgə Müraciətə dərhal cavab verdim və bu prosesdə tərəflərin səmərəli əməkdaşlığına görə minnətdarlığımı bildirirəm. Həmçinin, bu konsensusun əldə edilməsində iştirakçı dövlətlərin birgə ruhunu da yüksək qiymətləndirirəm”.

ATƏT baş katibi Feridun Sinirlioğlu isə qeyd edib ki, bu, onilliklər boyu davam edən münaqişə və etimadsızlıqdan sonra diplomatiyanın nəyə nail ola biləcəyini göstərən tarixi inkişafdır: 

“Bu, tərəflərin ortaq məxrəcə gəlmək istiqamətində iradə nümayiş etdirdikdə razılaşmanın mümkün olduğunu sübut edir”.

ATƏT rəhbərliyi Ermənistan, Azərbaycan və bütövlükdə regionda davamlı sülh və sabitliyi təşviq edən səyləri dəstəkləməyə sadiq olduqlarını bir daha bəyan ediblər.

Qeyd edək ki, qərarın qəbulundan sonra təşkilat Minsk prosesi və ona bağlı strukturların bağlanması istiqamətində addımlar atacaq. Yalnız aktivlərin və avadanlıqların təhvil verilməsi kimi inzibati funksiyalar davam etdiriləcək və proses 2025-ci il dekabrın 1-dən gec olmayaraq tam başa çatdırılacaq.


Sizin reklam burada
Sizin reklam burada