Müsahibimiz AR ETN Radiasiya Problemləri İnstitutunun elmi işçisi, Mütləq tarixləndirmə üzrə mütəxəssis Aybəniz Əhədovadır.
– Arxeometriyanın bir qolu olan mütləq tarixləndirmə nədir və arxeologiyada hansı əhəmiyyət daşıyır?
– Ümumiyyətlə tarixləndirmə 2 cür olur.
Nisbi və mütləq. Mütləq tarixlədirmə tapıntıların dəqiq tarixini müəyyən etmək
üsuludur. Radiokarbon analizi, Termolüminisent, Optik lüminessensiya, Elektron
Paramaqnit Rezonans və s. mütləq tarixləndirmə üsullarıdır. Bu metodlar
arxeoloji kontekstin xronologiyasının dəqiq
qurulması, mədəni təbəqələrin ardıcıllığının müəyyənləşdirilməsi,
artefaktların autentifikasiyası və paleoətraf mühitin rekonstruksiyası
baxımından fundamental əhəmiyyət kəsb edir.
Dünya universitetlərində, xüsusən də
geokronologiya, arxeometriya, nüvə fizikası və konservasiya sahələrində
radioizotop yaş təyini ayrıca bir fənn kimi tədris olunur və laborator bazaları
ilə müşayiət edilir.
– Azərbaycanda mütləq yaş təyini sahəsində
vəziyyət necədir? Bu istiqamətdə hansı yeniliklər var?
– Açığını desək, Azərbaycanda bu sahə uzun
müddət sistemli şəkildə inkişaf etməmişdi. Lakin bizim komandanın iştirakı ilə
ilk dəfə olaraq 2018-ci ildən başlayaraq radioizotop və spektroqrafik yaş təyini
metodları arxeoloji materiallara tətbiq edilib və çox sayda müsbət nəticələr
əldə olunub. Bu, həm milli arxeologiyanın metodoloji modernləşməsi, həm də
arxeoloji xronologiyaların daha dəqiq qurulması baxımından mühüm addımdır. Hazırda
ölkəmizdə bu istiqamətdə laborator potensialın təkmilləşdirilməsi, kadr
hazırlığının genişləndirilməsi və sahənin universitet tədrisinə inteqrasiyası
üzərində işlər gedir.
– Siz Azərbaycanda muzeyşünaslığın
“Muzey kolleksiyalarının komplektləşdirilməsi, uçotu və mühafizəsi” fənni üçün
ilk dərs vəsaitinin müəllifisiniz. Kitabda kolleksiyaların radiasiya təhlükəsizliyi
və eləcə də rəqəmsallaşdırma məsələlərinə də toxunmusunuz. Bu barədə məlumat
verə bilərsinizmi?
– Bəli, bu dərs vəsaiti Azərbaycanda ilk dəfə
olaraq məhz bu fənn üçün hazırlanıb və müasir muzeyşünaslıq standartlarına əsaslanır.
Burada xüsusi olaraq arxeoloji
fondların radiasiya təhlükəsizliyi, artefaktların ilkin yoxlanması,
ekspedisiya sonrası deaktivasiya prosedurları və saxlanc yerlərində monitorinq
məsələlərinə geniş yer verilmişdir.
Ümumiyyətlə dünya
praktikasında bu çox aktual mövzudur. Hər il ABŞ, Almaniya, Fransa, Yaponiya və
digər ölkələrdə mədəni irsin radioloji
təhlükəsizliyi üzrə beynəlxalq konfranslar keçirilir. Qısaca deyə bilərəm
ki, arxeoloji artefaktlar minilliklər boyunca alfa, beta və qamma şüalanmasına məruz qala bilirlər və onların torpaq
qatlarında radioaktiv çirkləndiricilərlə kontakt ehtimalı mövcuddur. Digər bir məqam, 19–20-ci əsrlərdə istifadə olunan bəzi boyalar radium tərkibli
olmuş və bu əsərlər sonradan izolyasiya olunmuş konteynerlərə köçürülsə də uzun
müddət muzeylərdə sərgilənmişdir. Bu birbaşa təhlükə hesab olunur. Bu səbəbdən
də muzey əməkdaşları və ziyarətçilərin sağlamlığının qorunması üçün radiasiya
fonu monitorinqi zəruridir. Bu səbəblə, kitabda radiasiya təhlükəsizliyinin
bütün mərhələləri – artefaktın qəbulundan
sərgilənməsinə qədər olan proseslər – detallaşdırılıb.
– Arxeoloji ekspedisiyalarda
multidisiplinarlıq niyə vacibdir?
– Çünki
arxeoloji tədqiqat artıq təkcə arxeoloqun işi deyil. Dünyada müasir konsepsiya
belədir ki, ekspedisiyada arxeoloqla yanaşı tarixçi, numizmatik, etnoqraf, antropoloq, geoloq, radioloq və kimyaçı
və s. da iştirak etməlidir. Bu komandalar bir yerdə qazıntı materiallarının təhlükəsizliyini,
tapıntıların arxeometrik analizini, radioloji monitorinqini, konservasiya və
restavrasiya üçün ilkin məlumat bazasını, artefaktın kontekstual
interpretasiyasını təmin edirlər. Belə kompleks yanaşma nəticəsində tədqiqatın
elmi dəyəri əhəmiyyətli dərəcədə artır, əldə olunan nəticələr çoxşaxəli,
etibarlı və elmi əsaslandırılmış olur. Nəticə etibarilə bu tip araşdırmaların
yekunları beynəlxalq elmi-metodoloji
standartlara cavab verdiyi üçün onların nüfuzlu, elmmetrik bazalarda
indeksləşən yüksək impakt faktorlu jurnallarda dərc olunma ehtimalı da əhəmiyyətli
dərəcədə artır.
– Yeri gəlmişkən Gənc tədqiqatçılar
arasında akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə”
müsabiqəsinin qalibi olduğunuz üçün bu ilin dekabr ayında Fəxri Fərmanla təltif
olundunuz. Təbrik edirik sizi. Az öncə qeyd etdiyiniz sahə üzrə Azərbaycanda
hansı irəliləyişlər müşahidə olunur?
– Bir neçə il
əvvəl bu istiqamətdə vəziyyət demək olar ki, passiv idi. Radiasiya təhlükəsizliyi
prosedurlarının tətbiqi sistemsiz idi. Lakin bu sahədə ciddi irəliləyişlər var:
ekspedisiyalarda bizim də iştirakımızla ilkin radiasiya yoxlaması aparılır;
tapıntıların analizi üçün nümunələr yerindəcə texniki şərtlər daxilində götürülərək
qablaşdırılır; muzeylərdə radiasiya fonunun ölçülməsi praktikası formalaşır;
tapıntılar üzərində müxtəlif sahələrdən olan mütəxəssislər tərəfindən multidisiplinar
formada tədqiqat işləri həyata keçirilərək nəticələr beynəlxalq indeksli
jurnallarda dərc olunur.
– Siz kitabda rəqəmsallaşma məsələlərinə
də yer vermisiniz. Bu hansı problemləri həll edir?
– “Cənab Prezident İlham Əliyevin bu il Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə
elm və texnologiyanın dövlət siyasətində strateji yerini təsdiqləyərək vurğuladığı
kimi “ Biz süni intellekt və rəqəmsallaşma sahəsində də geri qalmamalıyıq.”
Bu şüardan irəli gələrək onu deyə bilərəm
ki, rəqəmsallaşma müasir muzeyşünaslığın da əsas istiqamətlərindəndir. Kitabda da
qeyd olunduğu kimi, muzey uçotu sistemlərinin
rəqəmsallaşdırılması məsələsi kolleksiyaların elektron kataloqunun
yaradılması, artefaktların radiasiya monitorinqi məlumatlarının və mütləq
tarixləndirmə göstəricilərinin elektron bazalarda saxlanması, fondların beynəlxalq
standartlara uyğun rəqəmsal idarə edilməsi, sərgi və inventar məlumatlarının asan
əldə olunması, ziyarətçilər üçün virtual ekspozisiyalar və məlumat
platformalarının barkodlar şəklində yaradılması kimi üstünlükləri təmin edir. Rəqəmsallaşma
həm təhlükəsizlik, həm şəffaflıq, həm də elmi tədqiqat baxımından vacibdir. Bir
çox ölkədə radiasiya təhlükəsizliyi üzrə göstəricilər də məhz rəqəmsal uçot
sistemlərinə inteqrasiya olunur. Bu, artefaktın tarixçəsinin və risk
qruplarının dinamik monitorinqi üçün müasir yanaşmadır.
– Son olaraq, bu sahənin Azərbaycanda gələcək
inkişafı üçün hansı addımlar vacibdir?
– Məncə, üç əsas istiqamətdə inkişafı
prioritet saymaq lazımdır:
Əminəm ki, bu istiqamətlər üzrə ardıcıl iş
aparılsa, Azərbaycan bu sahədə regionda lider mövqeyə çıxa bilər.