Divarları YAZAN gənclik – Abadini gözləyən CƏZA

Divarları YAZAN gənclik – Abadini gözləyən CƏZA
19:40

Nizami Kino Mərkəzinin divarlarına qrafiti çəkən Belarus vətəndaşı həbs edilib. Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı təmin olunub. Qərara əsasən, Belarus vətəndaşı, ADA Universitetində təhsil alan 20 yaşlı Ardeshir Seyfpour Saad Abadi barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Əməli törədən şəxslərin 2009-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakıda anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakıda anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi olduğu müəyyən edilib.

Hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, tarixi və mədəniyyət abidələrinə zərər vuranlar, onları korlayanlar (o cümlədən üzərinə yazılar yazanlar) həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb oluna bilərlər:

“Cinayət Məcəlləsinin 246-cı maddəsinə əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya (bura abidələrin üzərinə yazı yazmaq, onları cızmaq və s. daxildir) görə, əməli törədən şəxslər 2000 manatdan 4000 manatadək miqdarda cərimə oluna, 2 ilədək müddətə azadlıqdan məhrum etməylə cəzalandırıla bilərlər”.

Onun sözlərinə görə, əgər vurulan zərər cinayət tərkibi yaratmırsa, şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnir:

“Belə ki, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin (abidələrin) müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan zahiri görkəminin dəyişdirilməsinə, sökülməsinə, məhv edilməsinə və ya parçalanmasına görə, fiziki şəxslər 1500 manat, vəzifəli şəxslər 3000 manat, hüquqi şəxslər isə 10 000 manat məbləğində cərimə edilir”.(Musavat.com)


Sizin reklam burada
Sizin reklam burada