"Almaniyanın Ukraynaya dəstəyi tarixi və geosiyasi amillərlə bağlıdır" – Politoloq

"Almaniyanın Ukraynaya dəstəyi tarixi və geosiyasi amillərlə bağlıdır" – Politoloq
26 May 2025 15:42

Politoloq Oqtay Qasımov Almaniyanın Ukraynaya davamlı hərbi dəstəyini şərh edərək bildirib ki, bu dəstəyin arxasında həm geosiyasi, həm də tarixi səbəblər dayanır.

News365.az-a açıqlamasında politoloq xatırladıb ki, Almaniya 5-6 ay əvvəl də Rusiya ilə bağlı bənzər bəyanatlar səsləndirmiş və 2029-cu ili hədəf göstərmişdi. Bu cür bəyanatlarla Almaniya özünü hədəfə qoymuş olur:

“Almaniya uzun illər ərzində Rusiyanın əsas ticarət tərəfdaşlarından biri olub. Xüsusilə də Avropada Rusiyanın qazını ən çox alan ölkə idi. Lakin Ukrayna müharibəsi bu münasibətlərdə ciddi çatlar yaratdı. Almaniya artıq Rusiya qazından imtina edib və hazırda ABŞ və Böyük Britaniyadan sonra Ukraynaya ən çox hərbi yardım göstərən üçüncü ölkədir”.

Oqtay Qasımovun sözlərinə görə, Almaniyanın Ukraynaya verdiyi yardım təkcə miqyas baxımından deyil, həm də keyfiyyət baxımından əhəmiyyətlidir:

“Almaniyanın müasir silahları, xüsusilə də Taurus raketləri var. Keçmiş kansler Olaf Şolts bu raketlərin Ukraynaya verilməsinə icazə verməsə də, yeni kansler hələ vəzifəyə gəlməmişdən əvvəl belə bu məsələdə qəti mövqe sərgilədi və bildirdi ki, bu silahların tədarükü zəruridir”.

Politoloq həmçinin Almaniyanın bu məsələdə özünü aparıcı aktor kimi görməsinin səbəblərinə də toxunub:

“Tarixi düşmənçilik faktoru da unudulmamalıdır. Almaniya və Rusiya I və II Dünya müharibələrində qarşı-qarşıya gələn əsas tərəflər olub. Bu da Almaniyanın bugünkü mövqeyinə təsir edir. Ölkə Avropanın son iki əsrdəki ən ciddi hərbi güclərindən biri kimi öz məsuliyyətini hiss edir və Ukraynaya dəstəyi bu mənada həm tarixi borc, həm də geosiyasi strategiyanın tərkib hissəsi kimi həyata keçirir”.

Qasımovun fikrincə, Almaniyanın bu addımları həm də Avropa daxilində liderlik mövqeyini gücləndirməyə yönəlib.


Sizin reklam burada
Sizin reklam burada