Almaniya kansleri Friedrix Merts və Fransa Prezidenti Emmanuel Makron Avropanın ən böyük müdafiə layihələrindən biri hesab edilən ortaq döyüş təyyarəsi proqramının gələcəyini müzakirə ediblər.
News365.az xəbər verir ki, Almaniya rəsmilərinin məlumatına görə, liderlər ötən həftə Monteneqroda keçirilən Avropa İttifaqı–Qərbi Balkanlar sammiti çərçivəsində layihə ətrafında yaranmış problemləri nəzərdən keçiriblər.
Bildirilib ki, layihədə iştirak edən müdafiə sənayesi şirkətləri arasında aylardır davam edən fikir ayrılıqlarının aradan qaldırılması üçün real perspektiv görünmür. Bu səbəbdən Fridrix Mertsin Emmanuel Makrona ortaq döyüş təyyarəsi proqramının davam etdirilməməsini tövsiyə etdiyi qeyd olunur.
Makronun administrasiyası isə açıqlamasında iki liderin layihəni ətraflı müzakirə etdiyini və əsas sənaye tərəfdaşları olan Airbus ilə Dassault Aviation arasında razılıq əldə olunmamasından təəssüfləndiklərini bildirib.
İspaniyanın da iştirak etdiyi və dəyəri 100 milyard avro qiymətləndirilən layihə Avropanın hərbi potensialının gücləndirilməsi istiqamətində əsas təşəbbüslərdən biri hesab olunurdu.
Ekspertlər qeyd edirlər ki, layihənin dayandırılması ehtimalı Rusiyadan gələn təhlükə ilə bağlı xəbərdarlıqların artdığı və ABŞ-nin Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırdığı dövrə təsadüf edir.