"Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə bir daha aydın oldu ki, İttifaq Azərbaycanı inamlı tərəfdaş hesab edir."
News365.az xəbər verir ki, bu sözləri açıqlamasında Millət Vəkili Nigar Məmmədova deyib.
"Ali nümayəndə bir daha ölkəmizlə əlaqələri yüksək dəyərləndirdi, bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söylədi.
Azərbaycan uzun illərdir, Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələ Kaya Kallasın səfəri zamanı bir daha gündəmə gəldi. Eyni zamanda vacib geosiyasi məkanda yerləşən Azərbaycan nəqliyyat habı kimi də Avropa İttifaqı üçün cəlbedici tərəfdaşdır. Bu cəlbedicilik getdikcə daha da artır. Görüşdə bir daha ən nəhəng enerji layihəsi olan Cənub Qaz Dəhlizinin roluna, Azərbaycanın Avropanın 10 ölkəsinin, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz etdiyi xüsusi vurğulandı. Cənab Prezident də qeyd etdi ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir."
Millət vəkili qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açıb.
"K.Kallas Avropa İttifaqının eyni zamanda Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlı olduğunu da bildirdi.
Məlumdur ki, Avropa İttifaqında bəzi qərəzli dairələr münasibətlərin inkişafında yox, əlaqələri zədələmək istiqamətində çoxsaylı addımlar atıb. Ermənistandan alət kimi istifadə edərək, regionda vəziyyəti gərginləşdirməyə çalışırlar. Biz bu aqressiv və ikili standartlar siyasətinin sabiq ali nümayəndə Jozef Borrelin dövründə şahidi olduq. Amma Kallasın səfərini, cənab Prezidentlə görüşünü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirmək olar. Bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açdı və onu yeni səviyyəyə qaldırdı.
Avropa İttifaqı bu gün Azərbaycanın əhəmiyyətini görür və əvvəl mövcud olmuş qərəzli yanaşmalardan geri çəkilir."