Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq.
Kişilərdən Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq. Qadınların yarışında isə Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.