Eyni zamanda arxeoloji monitorinq zamanı ilkin müşahidələr göstərib ki, ərazidə vaxtilə müsəlman qəbiristanlığı mövcud olub. Lakin qəbiristanlıq salınmış təpənin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yol inşa edilib.
Qeyd edilən sahədə arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib. Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi" tərəfindən növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Nazirlər Kabinetinin qərarına əsasən rayonun Göytəpə kəndində "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda iki arxeoloji abidə qeydə alınıb.
Göytəpə kəndinin qərbində yerləşən Göytəpə İlk tunc dövrünə aid yaşayış yeri ölkə əhəmiyyətli abidə hesab olunur. Aparılan yerüstü arxeoloji müşahidələr zamanı məlum olub ki, abidənin üst hissəsində antik dövrə aid nazik mədəni təbəqə var. Dörd hektardan artıq ərazini əhatə edən və 8 metrə yaxın hündürlüyü olan təpənin əsas hissəsi İlk Tunc dövrünə aiddir ki, bu da bəhs edilən dövrdə ərazidə intensiv məskunlaşmanın olduğunu göstərir. Bir neçə müddət öncə, Göytəpə abidəsinin qərbində yerləşən Eyvazxanbəyli kəndinin yenidən inşası zamanı abidə dağıntıya məruz qalıb.
Arxeoloji ekspedisiya tərəfindən aparılan monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə də qeydə alınıb. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada "Şamil bəy Salman bəy oğlu" dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulub, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır.