Bu ölkədə də 7 günlük matəm elan edildi

Bu ölkədə də 7 günlük matəm elan edildi
00:00

Hindistan hakimiyyəti ölkənin keçmiş baş naziri Manmohan Sinqxin vəfatı ilə əlaqədar 7 günlük matəm elan etmək qərarına gəlib.


News365.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Hindistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.


"Mərhum yüksəkrütbəli şəxsə ehtiram əlaməti olaraq 2025-ci il yanvarın 1-dək bütün Hindistanda 7 günlük milli matəm tətbiq olunacaq. Bu müddət ərzində bütün Hindistanda dövlət bayrağı yarıya endiriləcək və heç bir rəsmi əyləncə tədbiri keçirilməyəcək", - deyə nazirlikdən bildirilib.


Hakimiyyət qurumları, həmçinin dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə də qərar verib. Mərasimin dekabrın 28-də baş tutacağı gözlənilir.


"Dəfn günü Hindistanın xaricdəki bütün səfirliklərində də milli bayraq yarıya endiriləcək", - deyə məlumatda qeyd edilib.


Qeyd edək ki, 92 yaşında olan Manmohan Sinqx huşsuz vəziyyətdə evindən aparıldığı təcili yardım otağında dekabrın 26-da vəfat edib. Həkimlərin qeyd etdiyi kimi, Sinqx yaşlı insanlara xas olan bir sıra xəstəliklərdən əziyyət çəkib. Həkimlərin bütün səylərinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb.


Manmohan Sinqx Hindistanın ən qədim siyasi partiyası olan "Hindistan Milli Konqresi"nin üzvü olub. O, ardıcıl iki müddət - 2004-cü ildən 2014-cü ilin mayına qədər baş nazir vəzifəsini icra edib.


Youtube kanalımız