“Əslində, Trampın gələcəkdə hakimiyyətə gəlib-gəlməyəcəyi məsələsi bir növ Putinin mövqeyindən, onun bu proseslərə necə yanaşacağından asılıdır,"
Politoloq Züriyyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər – həm ABŞ, həm də Rusiya – bu danışıqlarda öz şəxsi nüfuzlarını və siyasi çəkilərini göstərməyə, üstün tərəf olduqlarını nümayiş etdirməyə çalışırlar:
“Tramp hələ hakimiyyətə gəlməzdən əvvəlki bəyanatlarında da göstərmişdi ki, bu məsələdə onun mövqeyi birmənalıdır. Tərəflərin hansısa maraqlarının toqquşması onu o qədər də maraqlandırmır. Əsas məqsədi odur ki, atəşkəs elan olunsun, müharibə dayansın və ABŞ-ın bu günə qədər Ukraynaya göstərdiyi hərbi yardımlar kəsilsin.”
Politoloqun fikrincə, Tramp bu mövqe ilə eyni zamanda daxili siyasi nüfuzunu da artırmağa çalışır:
“Tramp iddia edirdi ki, hətta inauqurasiya mərasiminə qədər bu müharibəni dayandıra bilər. Amma artıq həmin mərasimdən uzun müddət keçib və bu istiqamətdə real, pozitiv addımların şahidi deyilik. Əksinə, eskalasiya daha da dərinləşib.”
Züriyyə Qarayeva əlavə edib ki, artıq bu ilin yanvar ayından müxtəlif formatlarda danışıqlar aparılsa da, Rusiya–Ukrayna müharibəsi əvvəlki aylardan daha şiddətli fazaya keçib:
“Hazırda Rusiya silahlı qüvvələri Ukraynanın müxtəlif ərazilərinə qarşı ciddi hücumlar həyata keçirir. Mövcud proseslər göstərir ki, diplomatik səylərə baxmayaraq, hərbi gərginlik azalmayıb, əksinə daha da artmaqdadır.”