ABŞ və İran arasında münasibətlərin gələcəyi və mümkün diplomatik görüşlərin taleyi ilə bağlı yeni ehtimallar gündəmdədir.
Mövzuya münasibət bildirən politoloq Tamilla Qulami News365.az-a açıqlamasında proseslərin gedişini şərh edib.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın beynəlxalq səfərləri və planlaşdırılan görüşləri bəzən müxtəlif siyasi səbəblərdən təxirə salına bilər. Ekspert qeyd edib ki, bu cür hallar əvvəlki dövrlərdə də müşahidə olunub və bəzi planlaşdırılmış görüşlər ABŞ tərəfinin qərarı ilə dəyişdirilib.

Politoloq bildirib ki, hazırda 13–15 may tarixləri arasında Trampın Çinə səfəri ilə bağlı gözləntilər mövcuddur. Onun fikrincə, bu səfərin gündəmdə olması ABŞ-İran münasibətlərində hələ də yekun razılaşmanın əldə olunmadığını göstərir.
Tamilla Qulami vurğulayıb ki, İranla bağlı proseslərin tam dəqiqləşməməsi regionda qərarların hələ yekunlaşmadığını göstərir. Əgər tərəflər arasında ciddi razılaşmalar olsaydı, beynəlxalq səfər planlarında dəyişikliklər müşahidə olunmazdı.
O əlavə edib ki, ABŞ və İran arasındakı münasibətlərin normallaşması yalnız bu iki ölkə üçün deyil, həm də Çin üçün strateji əhəmiyyət daşıyır. Ekspertin sözlərinə görə, Pekin regionda gərginliyin artmasının qarşısını almaqda maraqlıdır, çünki mümkün hərbi eskalasiya qlobal iqtisadi və siyasi balanslara təsir göstərə bilər.
Politoloq qeyd edib ki, dünya gücləri arasında qarşılıqlı rəqabət və maraqlar regiondakı vəziyyəti daha da həssas edir. Onun fikrincə, hazırda ABŞ və İran arasında “idarə olunan gərginlik” müşahidə olunur və bu vəziyyət gələcək danışıqların nəticələrindən asılı olaraq dəyişə bilər.