Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündə zəlzələnin qurbanlarının sayı artıb. Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində azı 15 nəfər həyatını itirib, 129 nəfər isə yaralanıb.
News365.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) açıqlamasına əsasən, zəlzələnin episentri Sarangani əyalətinin Kablalan rayonu yaxınlığında yerləşib. Yeraltı təkanlar təxminən 55 kilometr dərinlikdə qeydə alınıb. Əsas zəlzələdən sonra gücü 4,6 ilə 6,5 bal arasında dəyişən çoxsaylı afterşoklar müşahidə olunub.
Filippinin Mülki Müdafiə İdarəsi bildirib ki, ölənlərin 12-si Soccsksargen bölgəsində, 3-ü isə Davao şəhərində qeydə alınıb. Zəlzələ nəticəsində çoxsaylı yaşayış və ictimai binalar zədələnib, bəzi ərazilərdə uçuşlar dayandırılıb, Mindanao bölgəsində isə dərslər ləğv olunub.
Təkanlardan sonra Filippin, Yaponiya və İndoneziya sahilləri üçün sunami xəbərdarlığı elan edilib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, Sarangani və Sultan Kudarat əyalətlərində təxminən 1 metr hündürlüyündə dalğalar müşahidə olunub. Bir neçə saat sonra isə sunami təhlükəsinin əsasən aradan qalxdığı bildirilib.
Filippin Prezidenti Ferdinand Marcos Jr. sahilyanı ərazilərdə yaşayan vətəndaşlara dərhal daha yüksək və təhlükəsiz bölgələrə köçməyi tövsiyə edib. O, bütün aidiyyəti qurumlara xilasetmə və yardım işlərinin sürətləndirilməsi barədə göstəriş verib.
Mütəxəssislər qeyd edirlər ki, Filippin “Sakit Okean Atəş Halqası” adlanan yüksək seysmik aktivlik zonasındadır və buna görə ölkədə güclü zəlzələlər tez-tez baş verir.