"40 yaşında sənətini itirmək faciədir..." – telejurnalistdən diqqətçəkən paylaşım

"40 yaşında sənətini itirmək faciədir..." – telejurnalistdən diqqətçəkən paylaşım
21:00

Tanınmış telejurnalist İradə İsaq sosial şəbəkə hesabında diqqətçəkən və düşündürücü bir paylaşım edib. O, dünya futbolunun canlı əfsanələri Messi və Ronaldonun karyeralarına toxunaraq, insanların zirvədə olarkən səhnəni tərk etmək bacarığından, efir fəaliyyətini dayandırmasından və həyatında atdığı yeni addımlardan bəhs edib.

Jurnalistin qeydlərini təqdim edirik:

"Zirvədə getməyi bacarmaq dünyanın ən böyük hünəridir"

Messi və Ronaldonun karyera seçimini dəyərləndirən İ. İsaq bildirib ki, şöhrəti zirvədə və dadında buraxmaq, böyük təklifləri geri çevirə bilmək az adama nəsib olan keyfiyyətdir:

"İnsanlar niyə vaxtında səhnədən getmirlər? Bəli, məşhurluğun şöhrəti də var, dumanı da. Gərək şalvarın səhnədə düşə, sonra gedəsən? Şöhrəti zirvədə, dadında buraxaraq tərk etmək, milyonları əli ilə geri çevirməyi bacarmaq bəlkə də dünyanın ən böyük hünəridir. Mən bunu çoxdan dərk və qəbul etmişdim."

"Dənizdən akvariuma düşə bilməzdim"

Efir məkanındakı fəaliyyətini dayandırma səbəblərinə aydınlıq gətirən telejurnalist ANS televiziya kanalının bağlanmasından sonra aldığı təkliflərdən və qarşılaşdığı məhdudiyyətlərdən söz açıb:

"ANS bağlandıqdan dərhal sonra bir çox efirlərdən təkliflər gəldi, bir-iki yerdə işlədim də. Lakin gördüm ki, onlar mənə istədiyim meydanı verə bilmirlər — istəkləri çox, azadlıqları dar idi. Dənizdən akvariuma düşə bilməzdim. Əks halda özüm də, adım da kiçiləcəkdi. Mənasız qadağalar yüzündən yaxşı layihələr etməyə imkan verməyəcəkdilər və nəticədə 'biz yox, sən edə bilmədin' damğası yeyəcəkdim, insan gözündən düşəcəkdim. YouTube-da xırdalanmaq da istəmədim, çünki mən həmişə böyükmiqyaslı araşdırma layihələrinə imza atmışam ki, bunun üçün də ciddi maliyyə lazımdır."

"40 yaşında yenidən başlamaq faciədir, amma..."

Sənətini itirdikdən sonra yaşadığı maddi və mənəvi çətinliklərdən danışan İradə İsaq 40 yaşında yeni bir sahədə özünü sınamaq qərarına gəldiyini vurğulayıb:

"40 yaşında sənətini itirmək faciədir. Bu yaşda yenidən başlamaq insandan böyük iradə tələb edir. Bəs maddi durumum necə olacaqdı? O dəhşəti mən də yaşadım. Amma Allah çalışqan insanı çörəksiz qoymaz. Yadıma saldım ki, nəsil-kökümün ana işi ticarət olub, mən də fitri marketinq düşüncəsinə və kreativliyə sahibəm. Başqaları kimi 'hamı restoran açır, mən də açım' demədim. Özümə 'mən nəyi bacarıram?' sualını verdim və kiçik bir iş qurdum."

"Hörmətinizi itirməyin – addan başqa nəyimiz var ki?"

Qurduğu kiçik biznesin ona mənəvi rahatlıq gətirdiyini bildirən jurnalist paylaşımını bu sözlərlə tamamlayıb:

"O azacıq gəlirim mənə dünyadır. Əsas odur ki, halaldır, insanlara faydalıdır və hörmətimi qoruyur. Anladım ki, insanı uçuruma aparacaq iri pulların ömrünün az olduğunu vaxtında görmək lazımdır. Səhnədən hörmətlə getmək, tamahını cilovlaya bilmək böyük ərdəmdir. Təəssüf ki, hamı bunu bacarmır. Hörmətinizi itirməyin – bu dünyada addan başqa nəyimiz var ki?"


Sizin reklam burada
Sizin reklam burada