Qafqazın əsas dili olan Azərbaycan türkcəsi: 150 il öncəki Britaniya mənbəsi- FOTO

Qafqazın əsas dili olan Azərbaycan türkcəsi: 150 il öncəki Britaniya mənbəsi- FOTO
09:23
Sizlərə Robert Needham Cust tərəfindən yazılmış və ilk dəfə 1881-ci ildə nəşr olunmuş "A Sketch of the Modern Languages of the East Indies" (Şərqi Hindistanın Müasir Dillərinin Eskizi) adlı kitabı təqdim edirəm.
Olduqca maraqlı olan bu kitabda Azərbaycana aid məlumatlar xüsusi diqqət çəkir. Kitabı yükləyəndən sonra "Geographical Distribution of Turki Languages" bölməsində bunu oxuya bilərsiniz. (Kitabın PDF-si:https://archive.org/det.../sketchofmodernla01cust_0/mode/1up)
Kitabda diqqəti çəkən əsas məqam 1881-ci il üçün Azərbaycan türkcəsində danışanların sayının 3.000.000-dan çox olmasının yazılmasıdır. Bu, o dövrün statistikası üçün kifayət qədər böyük bir rəqəmdir və bu dilin regionda hansı gücə və üstünlüyə malik olduğunu göstərir. Müqayisə üçün deyim ki, müəllif eyni kitabda bir çox digər xalqların sayını bir neçə yüz minlərlə göstərir. Bu, Azərbaycan türklərinin regionun ən böyük və dominant etnosu olduğunu sübut edən bir statistikadır.
Kitabda Azərbaycan dilinin yayıldığı yerlər belə təsvir olunub: Gürcüstanın cənub-şərqi, Borçalı və ətrafı, Dərbənddən cənuba doğru, Xəzər dənizi sahili və bütün Azərbaycan vilayətləri Bakıdan Təbrizə qədər.
Digər maraqlı məqam isə müəllifin Azərbaycan türkcəsini Osmanlı türkcəsindən saf hesab etməsidir.
O yazır ki: "Azərbaycan dili vahid bir dil olsa da, müxtəlif yerli dialektlərə Təbriz, Şirvan və Dərbəndə bölünür. Bu dil Osmanlı türkcəsi ilə müqayisədə "daha təmiz türk elementlərinə" malikdir, çünki Osmanlı dilində ərəb və fars təsiri daha dərindir."
Robert Cust Azərbaycan türkcəsini regionun ortaq ünsiyyət dili adlandırır. O bildirir ki, bu dil, təkcə azərbaycanlıların deyil, həm də Qafqazda yaşayan ləzgilərin, avarların və digər dağlı xalqların da dilidir.
Kitabda daha maraqlı məqam isə müəllifin bu dildə danışanların xəritəsini çəkməsidir ki, Azərbaycan türkcəsinin yayıldığı ərazilər xüsusi rənglə işarələnib. Bu rəng Dərbənddən başlayıb, bütün indiki Azərbaycanı, İrəvanın böyük hissəsini və indiki İranın şimalını əhatə edir.
Şəklə diqqət edin, kitabda şəklin ən alt hissəsində "in the Sirdarlie of Eriván" ifadəsi keçir. Müəllif 1881-ci ildə yazsa da, İrəvan bölgəsinin hələ də öz tarixi adı ilə — Sərdarlıq kimi tanındığını və orada yaşayan əhalinin dilinin Azərbaycan türkcəsi olduğunu təsdiqləyir.
Müəllif üçün Azərbaycan dili müstəqil, lakin kökü etibarilə tamamilə türk olan bir dildir. Kitabın digər bölmələrində müəllif bildirir ki, Azərbaycan türkcəsi o qədər güclü və geniş yayılmış bir dildir ki, regiondakı bir çox qeyri-türk xalqları bu dili öz ana dilləri qədər mükəmməl bilirlər. O, bu dili Şərqin açarı adlandırır.
Robert Cust kitabın bəzi yerlərində Rusiya imperiyasının bu ərazilərə gəlişindən sonra rus dilinin rəsmi işlərə daxil olduğunu, lakin Azərbaycan türkcəsinin öz gücünü qoruyub saxladığını yazır. O qeyd edir ki, hətta rus məmurları belə yerli əhali ilə ünsiyyət qurmaq üçün bu dili öyrənmək məcburiyyətindədirlər.

Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada