Cəmiyyət olaraq bu gün Ramiz Mehdiyev xəyanətlərinə və cinayətlərinə
fokuslanmışıq. Bu da təsadüfi deyil. Çünki Ramiz Mehdiyev Azərbaycanın siyasi həyatında
uzun illər dövlət idarəçiliyinin mərkəzində dayanmış, ideoloji və elmi dairələrdə
mühüm mövqe tutmuş bir fenomen kimi tanınır. Lakin onun fəaliyyətinin son mərhələsində
cəmiyyətin gözündə formalaşan “xəyanət” anlayışı, sadəcə siyasi hadisələrin nəticəsi
deyil, həm də mənəvi və fəlsəfi bir təzahür kimi dəyərləndirilə bilər.
Əminliklə demək olar ki, Ramiz Mehdiyev xəyanətinin fəlsəfəsi, əslində,
hakimiyyət və vicdan, şəxsi maraq və dövlət marağı arasındakı ziddiyyətin təcəssümüdür.
Uzun illər dövlətin ideoloji dayaqlarını qurmuş bir şəxs, zaman keçdikcə həmin
dayaqların əleyhinə yönələn mövqe tutdu. Bu isə sadəcə siyasi xəttin dəyişməsi
deyil, daxili prinsipiallıqla siyasi praqmatizmin toqquşması idi.
Ramiz Mehdiyevi kimlər və niyə söyür?
Yəqin ki, fəlsəfi baxımdan Ramiz Mehdiyev xəyanəti, insanın zamanla
üzləşməsinin faciəsi kimi də yozula bilər. Çünki o, mövcud sistemin dəyişməsini
qəbul etmədi və nəticədə həmin sistemin xaricində qaldı. Və bu gün hər kəs onu
lənətləyir. Bu lənət oxunma trendinə qoşulanların çoxunun buna haqqı da var.
Amma elələri də var ki, onların Ramiz Mehdiyev haqqında dnışması, münasibət
bildirməsi sadəcə ikrah doğurur. Çünki zamanla həmin fərdlər Ramiz Mehdiyevin
müsəlləh əsgəri idi.
Bu yazımızda həmin müsəlləh əsgərlərdən biri haqqında- Prezident
Adminstrasiyasının sabiq şöbə müdiri Əli Həsənov haqqında yazacağıq. O Əli Həsənov
ki, Ramiz Mehdiyevə cinayət işi açılandan sonra “Ramiz Mehdiyevin mənə nə dəxli,
nə aidiyyəti var?"-deyə bağırdı.
Halbuki 7-dən 77-dək hər kəs bilir ki, Ramiz Mehdiyevlə Əli Həsənov
bir medalın iki üzüdür. Onları uzun illər təkcə korporativ maraqları yox həm də
siyasi baxışları, mənsub olduqları kalonun ideyaları birləşdirirdi. Və bunu
sübut edən bir fakt ötən gün gündəmə bomba kimi düşdü.
Belə ki, Ramiz Mehdiyevin anadan olmasının 80 illiyi ilə bağlı
hazırlanan sənədli filmdə Əli Həsənov şövqlə, həvəslə və ehtirasla danışır.
Deyir ki, Ramiz Mehdiyev 20-ci əsrin ən böyük dövlət və ictimai xadimlərindən
biridir. Onu da şövqlə deyir ki, “ ildə mən ondan çox şey öyrənmişəm”.
Bu günki açıqlama ilə 7 il qabaq söylənilən fikirlər Əli Həsənovun
siysasi, ictimai və mənəvi portiretinin cizgilərdir. Bunun da tək bir adı var.
O da riyakarlıqdır.
Nəzərə alaq ki, riyakarlıq yalanın kostyum geymiş formasıdır. Bəzən
elə ustalıqla geyinilir ki, həqiqət özü bundan utanır. Azərbaycan siyasətində
bu sənətin “klassik məktəbi” varsa, onun ən parlaq məzunlarından biri şübhəsiz
Əli Həsənovdur.
Xatırladaq ki, illərlə “ideologiya” adı altında qurulan teatrın səhnəsində
o, həm müəllif, həm rejissor, həm də baş rol ifaçısı idi. Amma pərdələr çəkiləndə,
tamaşaçılar gördü ki, səhnədə ideya deyil, riyakar maraq oynanılırmış.
Əli Həsənov riyakarlığının anatomiyası
Bəri başdan deyək ki, Əli Həsənovun riyakarlığı sadəcə şəxsi xüsusiyyət
deyil, həm də müəyyən məqamların ruh halıdır. O, səmimiyyəti “dövlətçilik üçün
təhlükə”, yalanı isə “sabitlik üçün zərurət” kimi təqdim edirdi.
Necə deyərlkər sanki Aristotelin etikası yox, Makiavellinin “hakimiyyət
üçün hər şey mübahdır” fəlsəfəsi onun stolüstü kitabı idi. O, “dövlət
maraqları” deyəndə, əslində “öz maraqları”nı, “xalqın mənafeyi” deyəndə isə “ailəsinin
rahatlığını” nəzərdə tuturdu.
Təbi ki, bu da etik dissonansın peşəkarlıq səviyyəsinə qaldırılmış
formasıdır. Riyakarlıq burada təkcə qorxu və ya intriqa deyil, metodologiyadır.
Əli Həsənovun siyasi bioqrafiyasındakı ən ibrətamiz səhnə, şübhəsiz, Ramiz
Mehdiyevlə münasibətlərinin “metamorfozasıdır.”
Bir vaxtlar onu “dövlət ideologiyasının memarı”, “strateji ağıl”,
“milli ideya müəllimi” adlandıran Əli Həsənov deyir ki, “Ramiz Mehdiyevdən mənə
nə?”.
Artıq bu təkcə mövqe dəyişikliyi deyil, həm də ideoloji andın pozulmasıdır. Yəni “müsəlləh əsgər” komandanına qarşı çevrilir. Üstəlik bunu “dövlət marağı” donunda təqdim edir. Riyakarlıq burda ən açıq, ən çılpaq formada özünü göstərir. Çünki bir zaman “ustad” dediyini inkar eləmək təkcə vicdanla deyil, həm də mənfəətlə bağlı məsələdir.
Bu gün Əli Həsənovun maskası dəyişir. Amma mahiyyət eyni qalır. Ən
azından bu özünü müdafiə, həyatda qalma instinktidir.
Sözlə
əməl arasındakı uçurum
Əli Həsənovun
ritorikasında hər şey var idi: vətən, əxlaq, lider sevgisi, xalq birliyi… Amma
bu sözlərin hamısı bu gün məzmundan kəsilmiş formal kabuslara çevrilib. Ramiz
Mehdiyevi ağzı köpüklənə-köpüklənə tərifləyəməsi artıq rəhbərə sədaqət və sevgi
yox, öz kreslosuna heyranlıq, onu itirmək qorxusudur. Bu isə artıq adi
ikiüzlülük deyil, sözün ideoloji devalvasiyasıdır. Sözlər öz mənasını itirir,
yalnız sədaqət siqnalı kimi işlənir...
Unutmayaq ki, Əli Həsənov və onun kimi fiqurlar riyakarlığı müdafiə
mexanizmi kimi qurulmuşlardır. Onlar üçün yalan bir davranış yox, yaşama
formasıdır. Gerçəkdən qorxduqları üçün onu bəzəyib “dövlət marağı” adlandırırlar.
Beləliklə, yalan müqəddəs simvol, səmimiyyət isə təhlükə olur.
Kantın dili ilə desək, bu, mənəvi qanunun “tam deqradasiyasıdır”. Yəni
insan özünü və cəmiyyətini aldatmaqda israr edir, çünki həqiqət ona ağrılı gəlir.
Əli Həsənovun illərlə yaratdığı “ideoloji mətnlər” – tribunalar, müsahibələr, təntənəli
bəyanatlar əslində bir söz təmtərağı müharibəsi idi.
Etiraf etməliyik ki, Əli Həsənovun riyakarlığının fəlsəfəsi bir şəxsin
mənəvi faciəsi deyil, bütöv bir toplumun portretidir. Ramiz Mehdiyev barədə
dedikləri Əli Həsənov riyakarlığının bu portretin ən qara zolağıdır. Çünki
orada həm qorxu, həm maraq, həm də saxta əqidə eyni anda üzə çıxır.
Bu fəlsəfənin sonu isə qaçılmazdır: maskalar nə qədər dəyişsə də, səhnə bir gün dağılır. Və o zaman yalanın memarları gerçəyin xarabalığında susmağa məhkum qalır. Riyakarlığın da ən böyük ironiyası da bax budur. O, səni qoruyurmuş kimi görünür, amma sonda səni sənə qarşı silaha çevirir.
News365.az