"Əgər bu dükanlar bağlansa, qocalar acından öləcək" - Tural İrfan yazır
Cəmiyyət
09:27
Məhləarası kiçik dükanları böyük, əjdaha supermarketlər sıxışdırır. Bu, yaxşı nəticə verməyəcək. Kasıb adamlar, əli hər yerdən üzülənlər həmin kiçik dükanlardan nisyə ərzaq, çörək alırlar. Həmin xırda dükanlarda insaf-nisyə dəftərləri var. Supermarketlərdə isə bu yoxdur. Hətta, 5 qəpik də borclu qala bilməzsən, satıcıdan çıxırlar.
Bunun nəticəsidir ki, həmin supermarketlərin qarşısında dilənən qoca qarılar, şalvarının dizi cırıq uşaqlar artır. Çünki böyük marketlərdə nisyə dəftəri yoxdur. İmkansızlar dükanın qarşısında dayanıb əli zəmbilli adamlara əl açırlar.
İşıq, daha doğrusu nəfəs gələn yeri tıxamaq olmaz.
Həmin xırda dükanların çoxunda cildlərlə nisyə dəftərləri var. Əgər bu dükanlar bağlansa, həmin nisyə dəftərlərində adı olan qocalar acından öləcək, gənclərin bir hissəsi də ya oğurluq edəcək, ya da ölkəni tərk etməyə məcbur olacaq.
Pensiyaların azlığı və vaxtında verilməməsi yaşlı nəslin mədəni şəkildə axırına çıxmaqdır. Maaşların azlığı isə gənc nəslin sağlamlığını, təhsil taleyini, ümumiyyətlə, həyatını məhv edən başlıca amildir.
Varlılar daha da varlanır, kasıblar isə daha da kasıblaşır. Siniflər arasında məsafə böyükdür. Əlində nisyə aldığı çörək, küçə itlərindən qorxa-qorxa divarın küncünə sıxışan biçarələrlə dövlətdən talayıb səksən yerdə obyekt açan harınlar arasında məsafə həddən artıq çox uzundur.
Yası da yığışdırmaq olar, toyu da ləğv etmək olar, amma nisyə dəftərinə dəyməyin. Çarəsizə nisyə çörək verənlərin işinə toxunmayın. Bu, Allaha ağır gedər, özü də çox ağır gedər. Bunu uzun illərin təcrübəli dinşünası kimi deyirəm.