260 milyonun yeyilməsi və Vüqar Qurbanovun çarəsizliyi

260 milyonun yeyilməsi və Vüqar Qurbanovun çarəsizliyi
16:40

Vüqar Qurbanovun vəzifədən azad olunması ilə Azərbaycan səhiyyəsində daha bir mübhəm mərhələ başa çatdı; milyardlarla manatlıq vəsaitin idarə olunduğu, yüz minlərlə insanın taleyinə birbaşa təsir edən bir dövr... bəlkə də başa çatmadı, ağır əməliyyatdan reanimasiyaya köçürüldü.


Vüqar müəllim, əslində, yaxşı insandır, onu yaxından tanıyan hər kəs bunu deyir. Amma yaxşı insan olmaq mürəkkəb bir mexanizmi idarə etmək üçün kifayət etmir.

Əhalinin cibindən çıxan, illik təxminən 3 milyard manatlıq büdcənin böyük bir hissəsinin dövr etdiyi quruma rəhbərlik etmək hər adamın işi deyil. Peşəkarlıq, praktik idarəçilik təcrübəsi, yaxşı komanda və daxili məsuliyyət hissi kimi bir çox faktor lazımdır. Bu yükü daşımaq ömrünü əczaçılıq sahəsində keçirmiş biri üçün asan məsələ deyil.

***

İcbari tibbi sığortaya keçid inqilabi addım sayılır. Düzgün icra olunsaydı, bu model Azərbaycan səhiyyəsini yerdən göyə qaldırardı.
Amma olmadı...

***

Neçə illərdir biz TƏBİB və icbari tibbi sığorta mexanizmi ilə bağlı tənqidi məqalələr dərc edir, ağıllı adamları danışdırır, təkliflər verir, konkret faktlar açıqlayırıq. Qurulan mürəkkəb yeyinti mexanizmlərini açmağa çalışırıq, büdcənin talan edilməsi prosesini təqdim edirik… Həmin faktlara vaxtında baxılsaydı, bizi susdurmaq yolları axtarılmasaydı, problemlər ört-basdır edilməsəydi, bu gün nə yüz milyonlarla ölçülən yeyintilərdən danışardıq, nə səhiyyə bu qədər ağır zərbə alardı, nə də Vüqar müəllimin boynuna düşən yük bu qədər şişərdi.


Təqdim etdiyimiz faktlar araşdırılmadı. Bəlkə də araşdırıldı, amma tənqid düşmənçilik kimi anlaşıldı və bir qrup insanın şəxsi mənafeyi üçün istifadə edildi.

Bizdə qəribə ənənə var: problemi deyəni əzməyə çalışırıq, problem böyüyəndə isə başımıza döyə-döyə təəccüblənirik.

Axı nələrin baş verdiyi çox aydın idi.

Üzdə vəsaitin dövlət xəstəxanalarına yönəldildiyi görünürdü. Əslində isə pul İTS və TƏBİB-dəki bəzi məmurların qurdugu sistemə xərclənirdi. Həmin məmurlar dəbdəbəli həyat qurdu, özlərinə biznesler, əmlaklar, maşınlar və nələr-nələr. Qeyri-şəffaf şəbəkələr formalaşdı və bu “sistemdə” çalışan insanlar əlavə qazanca görə alətə çevrildilər. İTS də TƏBİB-dəki dostların çoxlu özəl klinikaları açıldı. Kağız üzərində milyonlarla qiymətləndirilən avadanlıqlar alındı. Laboratoriyalar açıldı - “Referans” və digər mexanizmlər böyüdü. Analizlərdən böyük pullar qazanmaq üçün müxtəlif hoqqalar verildi. Ən müasir “otkad” sistemi, şıdırğı xəstə alveri… Əsassız xərclər, büdcənin faktiki qəsb olunmasının saat kimi işləyən mexanizmi və.s

Təkcə dövlət zərər görmədi. Özəl sektor da ağır zərbə aldı. Sağlam rəqabət boğuldu. Yüzlərlə mütəxəssis ümidsizliyə sürükləndi. Cəmiyyətlə səhiyyə üz-üzə qoyuldu.

Ona görə də bu gün səhiyyə sisteminin reanimasiyaya salındığını yazırıq, nəbzi zəif döyünür, aparatlar işləyir, amma ruh yoxdur, soyuq palatalarda qorxulu bir sükunət var.

…Bu gün 260 milyonluq yeyintidən danışılır. Amma məsələ təkcə rəqəmlərdə də deyil. Bundan sonra ən peşəkar insanlar belə gəlsə, bu mexanizmi yenidən ayağa qaldırmaq üçün illər lazım olacaq. Dağıtmaq bir neçə qərarla olur, yığmaq isə uzun və ağrılı prosesdir.

Açığı, Vüqar müəllimə bir az acıyıram da. Təcrübəsi və bacarığı çatmayan adamlara belə məsuliyyətli postları həvalə etmək, əslində, onları cinayətə sürükləməkdir. Kaş ki, o da, onu bu posta təyin edənlər də bir az düşünəydilər: səhiyyə eksperiment meydanı deyil. Burada səhvlərin bədəlini xalq öz sağlamlığı ilə ödəyir. Buna görə də səhiyyədə atılan yanlış addımlar hələm-hələm bağışlanmır. (Baku Post)


Sizin reklam burada
Sizin reklam burada