“Hazırda 209 şəhid ailəsinin 378 övladı Konfederasiya və üzv təşkilatların himayəsindədir”.
News365.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Konfederasiyanın VIII Qurultayında hesabat çıxışında deyib.
Onun sözlərinə görə, pandemiya zamanı ölkəmizdə həyata keçirilən sosial dəstək proqramlarına qoşulan Konfederasiya və üzv təşkilatları tərəfindən minlərlə işçiyə birbaşa yardım olunub: “Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib, əhalinin sağlamlığının qorunması məqsədilə 1,6 milyondan çox qoruyucu vasitə alınıb. Bu dövrdə 136 min həmkarlar ittifaqı üzvünə, həssas təbəqələrə yönəlmiş dəstək tədbirləri çərçivəsində isə 132 min aztəminatlı ailəyə yardım edilib. Yeri gəlmişkən, qeyd edim ki, ötən qurultaydan indiyədək 950 minə yaxın üzvümüzə maddi yardım verilib. Təkcə 2024-cü ildə və bu ilin 11 ayı ərzində 300 minə yaxın həmkarlar ittifaqı üzvünə dəstək göstərilib.
Vətən müharibəsi günlərində və sonrakı dövrdə də həmkarlar ittifaqları tərəfindən yüksək səviyyədə həmrəylik nümayiş etdirilib, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək göstərilib”.