Rayonda kilosu 50 qəpik olan kartof şəhərdə niyə 1manata satılır? - SƏBƏB BUDUR

Rayonda kilosu 50 qəpik olan kartof şəhərdə niyə 1manata satılır? - SƏBƏB BUDUR
14:26

Şəhər mərkəzində fəaliyyət göstərən mağaza və bazarlarda tərəvəz məhsullarının qiymətinin şəhərətrafı və rayonlarla müqayisədə daha baha olması alıcıların diqqətini çəkir. Müşahidələr göstərir ki, eyni məhsul müxtəlif ərazilərdə fərqli qiymətə təklif olunur. Məsələn, kartofun kiloqramı rayon və şəhərətrafı qəsəbələrdə təxminən 50 qəpiyə satıldığı halda, paytaxtın mərkəzi hissələrində qiymət 1 manata qədər yüksəlir.

Bəs qiymətlər arasında bu qədər kəskin fərqləri yaradan səbəb nədir?

Mövzu ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlər arasındakı kəskin fərq bir neçə iqtisadi amillə bağlıdır.

Akif Nəsirli

“Şəhər mərkəzində yerləşən satış obyektləri yüksək icarə haqqı, əməkhaqqı və digər xidmət xərclərini qarşılamaq məcburiyyətində qalır. Bundan əlavə, mərkəzi ərazilərdə alıcı axınının çox olması tələb səviyyəsini artırır və bu da satıcılara məhsulu daha yüksək qiymətə təklif etməyə imkan verir”.

Ekspert qeyd edib ki, şəhərdən uzaqlaşdıqca icarə və əməliyyat xərcləri azalır, nəticədə məhsullar daha ucuz təklif olunur

“Eyni zamanda, məhsulların mərkəzə daşınması, logistika və təzə məhsulun fasiləsiz təmin edilməsi üçün tələb olunan əlavə xərclər də qiymətlərin formalaşmasına təsir göstərir”.

Beləliklə, qiymət fərqləri əsasən satış məntəqələrinin xərclərinin müxtəlifliyi və tələb-təklif balansı ilə izah olunur.


Sizin reklam burada
Sizin reklam burada