"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması prosesində hələ də bir sıra ciddi maneələr qalmaqdadır. 2025-ci ildə sazişin imzalanması gözlənilsə də, real proseslər bu ehtimalın yüksək olmadığını göstərir."
Bunu News365.az-a müsahibəsində politoloq Sultan Zahidov deyib. O,sülh sazişinin qarşısındakı əsas maneələrdən də danışıb:
1. Ermənistan Konstitusiyasına dəyişiklik tələbi
Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini vacib hesab edir. Bununla bağlı rəsmi İrəvan bu dəyişikliyi 2026-cı ildən tez həyata keçirməyəcəyini bəyan edib. Ermənistan hökumətinin qərarına əsasən, 2027-ci ildə Konstitusiya Məhkəməsinin yekun rəyindən sonra referendum keçirilə bilər. Bundan əlavə, 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərdə Paşinyan hökumətinin qalib gəlməsi də bu prosesin davamlılığı üçün vacib amildir.
2. ATƏT-in Minsk Qrupunun ləğvi
Ermənistanın baş naziri Nikol Paşinyan Minsk Qrupunun ləğv olunmasına çağırış etməyə hazır olduqlarını bildirsə də, bunun nə vaxt və necə reallaşacağı hələ dəqiq deyil.
3. Razılaşdırılmayan iki əsas maddə
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb. Lakin iki əsas məsələ hələ də müzakirə mövzusudur:
• Beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtina
• Ermənistan-Azərbaycan sərhədində üçüncü tərəfin (Avropa İttifaqının müşahidə missiyası) çıxarılması
Xüsusilə, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatının uzadılması mübahisəli məsələ olaraq qalır. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Kaya Kallas bu missiyanın daha iki il uzadılmağa hazır olduğunu bildirib.
Politoloq eyni zamanda bildirir ki, Ermənistanın silahlanması sülhə mane olur:
"Ermənistanın Fransa və Hindistandan hərbi texnika və silahlar alması da sülh prosesinə mənfi təsir göstərir. Xüsusilə, hücum silahlarının alınması bölgədə silahlanma yarışını sürətləndirir və təhlükəsizlik risklərini artırır."
"Bütün bu maneələrə baxmayaraq, ekspertlər 2025-ci ildə sülh sazişinin tam imzalanmasa da, danışıqlarda və delimitasiya prosesində irəliləyişlərin mümkün olduğunu düşünürlər. ABŞ-ın Stratfor Araşdırmalar Mərkəzinin son hesabatına görə, qarşıdakı il ərzində ciddi nailiyyətlərin əldə olunması ehtimalı var.
Buna baxmayaraq, Ermənistanın silahlanma siyasəti, konstitusiya dəyişikliklərinin gecikməsi və Avropa İttifaqının müşahidə missiyası ilə bağlı mübahisələr sülh sazişinin imzalanmasını ləngidən əsas faktorlar olaraq qalır."