"Tezliklə reallaşacaq Zəngəzur dəhlizi Çinin layihələrində açar rolunu oynayır."
Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib.
"Çin hazırda dünyanın ən önəmli siyasi və iqtisadi güc mərkəzlərindən biridir. İqtisadiyyatın dinamik inkişafı Çinin dünyada siyasi təsir imkanlarının da genişlənməsinə səbəb olur. Həmçinin Çin Böyük İpək Yolu layihəsi ilə Qərblə əlaqələrini daha da inkişaf etdirib. Azərbaycanın Çin ilə münasibətləri hər zaman yüksək səviyyədə olub.
Çin ölkəmizin həm iqtisadi potensialına, həm də geostrateji mövqeyinə daim maraq göstərib. Bu gün Böyük İpək Yolu, Çinin marağında olan Orta Dəhliz layihəsi Azərbaycan olmadan əsla mümkün deyil. Həmçinin tezliklə reallaşacaq Zəngəzur dəhlizi Çinin layihələrində açar rolunu oynayır. Bundan başqa, Çinin Avrasiya məkanında geniş iqtisadi və siyasi potensialı Azərbaycanın bu ölkə ilə əlaqələrini gücləndirməyi labüd edir. Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı şübhəsizdir. Bu səbəbdən də Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlar baxımından xüsusi əhəmiyyətə malikdir."
T. İsmayılov həmçinin Çinin hər zaman Qarabağ məsələsində də bizi dəstəklədiyindən danışılb:
"Çin hər zaman Qarabağın işğaldan azad olunması məsələsində dövlətimizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyib. Cənubi Qafqazla bağlı bütün siyasi layihələrin müzakirəsində, proqnozlaşdırılmasında Çin ölkəmizin təşəbbüslərinə hörmətlə yanaşır. Bu baxımdan, Ermənistana yanaşmada və münasibətdə də Çin Azərbaycanın haqlı mövqeyini dəstəkləyir."