Azərbaycan və Ermənistan arasında delimitasiya davam edir: Qazax rayonunun kəndləri gündəmdə

Azərbaycan və Ermənistan arasında delimitasiya davam edir: Qazax rayonunun kəndləri gündəmdə
12:55

Ermənistan mətbuatı bu ilin 29 aprelində Baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə Ağverəndə keçirilmiş delimitasiya komissiyalarının 13-cü iclasında razılaşdırılmış məsələlər barədə bəzi təfərrüatları dərc edib.

News365.az-ın məlumatına görə, qeyd edilib ki, 29 aprel görüşündə Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları delimitasiya işlərinin həyata keçirilməsi qaydalarına dair üç təlimat layihəsinin mətnini razılaşdırıb.

Tərəflər bu qaydaları təsdiq üçün öz hökumətlərinə təqdim etmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan hökumətləri onları müvafiq qərarlar vasitəsilə təsdiqləməlidirlər.

Ermənistan Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış üç qaydanı təsdiq edən hökumət qərarının layihəsi 15-31 may tarixlərində hüquqi aktları dərc edən rəsmi saytda ictimai müzakirəyə çıxarılıb.

Razılaşdırılmış qaydalara əsasən, tərəflərin ekspert delimitasiya qrupları yaradılacaq. Həmin ekspert qrupları delimitasiya komissiyalarına hesabat verəcəklər.

“Ekspertlər bütün müvafiq kartoqrafik sənədlərlə yanaşı, tənzimləyici və digər hüquqi qüvvəyə malik sənədlərlə də işləyəcəklər. Bu, xəritələrin və hüquqi qüvvəyə malik sənədlərin istifadəsinə heç bir məhdudiyyət qoyulmadığını göstərir”, - Ermənistan KİV-i yazıb.

Ekspert qrupları bütün kartoqrafik və hüquqi sənədlərlə işləyəcək, həmçinin uzaqdan zondlama (peyk çəkilişləri) və ya dron çəkilişlərini emal edəcəklər.

Delimitasiya dövründə vahid geodeziya bazası (dövlət sirri təşkil edən məlumatları ehtiva etməyən) yaradılmalı, bütün sərhədin çəkilişi, sərhəd xəttinin razılaşdırılması, razılaşdırılmış sərhəd xəttini əks etdirən delimitasiya xəritəsinin layihəsinin hazırlanması, dövlət sərhədinin təsviri və s. daxil olmaqla topoqrafik və geodeziya işləri başa çatdırılmalıdır.

Delimitasiya xəritəsində razılaşdırılmış sərhəd xətti bütöv qırmızı xətt kimi göstəriləcək. Xəritə sərhədin bütün uzunluğunu və hər tərəfində 3 kilometr enində ərazi zolağını əhatə etməlidir. Bütün xəritə vərəqləri albom formatında təqdim olunacaq. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsindən başlayaraq qərbdən şərqə doğru hərəkət edəcək.

Xatırladaq ki, tərəflər arasında il delimitasiya işləri 2024-cü ilin yazında başlayıb.

İndiyədək delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Hazırda Azərbaycanın işğalda 4 kəndi qalır: Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi. Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir. Onlar hər tərəfdən Ermənistan ərazisilə əhatələniblər.
Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub. Naxçıvanın Kərki kəndi isə 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir.  


Sizin reklam burada
Sizin reklam burada