ABŞ Prezidentinin xüsusi elçisi Ceff Lendri (Jeff Landry) Qrenlandiya ərazisinin "Monro doktrinası"na (ABŞ-ın Qərb yarımkürəsindəki müstəsna maraqlarını əks etdirən bəyannamə) daxil edilməsini özünün əsas missiyası adlandırıb.
Bu barədə məlumatı TASS agentliyi yayıb.
Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın real suverenliyə sahib olmasına şübhə etdiyini gizlətməyən amerikalı siyasətçi, bununla belə, yerli əhalini ABŞ tərəfindən hər hansı "işğal" qorxusundan uzaq olmağa çağırıb.
Eyni zamanda Luiziana ştatının qubernatoru vəzifəsini daşıyan Lendri, Nuuk şəhərinə etdiyi ilk rəsmi səfərinin yekunlarına dair "Danmarks Radio" teleradioşirkətinə müsahibəsində bildirib:
"Missiyamız Monro doktrinasını bu əraziyə elə bir şəkildə şamil etməkdir ki, bu, Qrenlandiyanın xeyrinə dəyişsin. Mən yerli sakinlərlə danışanda onlardan ABŞ-ın burada mövcudluğunu istəyib-istəmədiklərini soruşdum. “Yox” demirlər, əksinə, daha sıx münasibətlər qurmaq istəyirlər. Prezident Donald Tramp belə insanların qeydinə qalır".
Müxbirin "Bütün bunlar Qrenlandiyanın suverenliyinə 100 faizlik hörmət çərçivəsindəmi edilir?" sualına xüsusi elçi belə cavab verib:
"Hesab edirəm ki, hər şey bu sualla başlayır: Hazırda Qrenlandiyanın suverenliyi varmı? Mən bunu dəqiq bilmirəm, bu, elə gənclərin özünə vermək istədiyim bir sualdır".
Siyasətçi əmin edib ki, ABŞ tarixində suverenliyə hörmət edilmədən hərbi və ya siyasi mövcudluğun təmin olunması halı yaşanmayıb:
"ABŞ bunu hər zaman edib. Hətta azadlıq bəxş etmək üçün getdiyimiz ölkələrdə belə, sonradan geri çəkilərək suverenliyi onların özünə vermişik, halbuki başqa ölkələr bunu etməyib. Ona görə də suverenlik Qrenlandiya üçün çox önəmli sözdür və bu mövzu mütləq danışıqlar masasında müzakirə olunmalıdır".
Ceff Lendri ABŞ-a qayıtdıqdan sonra səfərin nəticələri barədə şəxsən Donald Trampa məruzə edəcəyini vurğulayıb: "Mən bura prezidentə Qrenlandiya ilə ABŞ-ı necə birləşdirmək, bir araya gətirmək barədə öz baxışımı izah etmək üçün gəlmişəm".