Ukrayna prezidenti Vladimir Zelenski diqət çəkən fikirlər səsləndirib. O, deyib ki, Ukraynadakı münaqişəyə son qoyulması Rusiya lideri Vladimir Putinin yox, ABŞ prezidenti Donald Trampın qələbəsi olmalıdır. Siyasətçi Bloomberg TV-yə müsahibəsində bildirib ki, danışıqlara başlamazdan əvvəl hər kəsi ümumi fəaliyyət planının formalaşmasına çağırıb.
“Mən belə hesab edirəm ki, Ukraynada müharibənin dayandırılması məsələsi Putinin yox, Trampın qələbəsi olmalıdır. Putin onun üçün heç kimdir. Amerika daha güclüdür. Avropa daha güclüdür. Elə Çin də Rusiyadan güclüdür”, - Zelenski qeyd edib.
O, münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlara başlamazdan əvvəl birgə fəaliyyət planının hazırlanmasını istəyib. Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı ABŞ, Avropa İttifaqı, Ukrayna və onun xalqının maraqlarına uyğun olardı.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural