Yunanıstanlı nazirin açıqlaması Ankara ilə Afina arasında yeni GƏRGİNLİK YARATDI

Yunanıstanlı nazirin açıqlaması Ankara ilə Afina arasında yeni GƏRGİNLİK YARATDI
10:27

ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Şərqi Aralıq dənizi və Balkanlarda gərginlik artıb. Bu fonunda Yunanıstan regionda yeni hərbi addımlar atdığını açıqlayıb.

Afina rəhbərliyi Bolqarıstanın hava müdafiəsini gücləndirmək üçün F-16 qırıcıları və Patriot zenit-raket sistemləri yerləşdirməyi planlaşdırır.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias bölgədəki gərginliyin “Türk ordusunun Kiprdən çıxarılması üçün bir fürsət ola biləcəyini” bildirib. Bu açıqlama Ankara ilə Afina arasında yeni müzakirələrə səbəb olub.

Kiprə hərbi texnika göndərilir

Yunanıstan rəhbərliyi Cənubi Kiprə iki freqat və dörd F-16 qırıcı təyyarəsi göndərmək qərarı verib. Rəsmi Afina bu addımı adaya düşdüyü iddia edilən pilotsuz uçuş aparatı ilə əlaqələndirib.
 

Bununla yanaşı, Türkiyəyə təxminən 50 mil məsafədə yerləşən Kerpe adasına Patriot hava müdafiə sistemi yerləşdirildiyi də məlum olub.


Qeyri-hərbi statusa malik sayılan bu adaya silah yerləşdirilməsi Egey dənizində hərbi balans baxımından diqqət çəkən addım kimi qiymətləndirilir.

Yunanıstan Bolqarıstanın hava müdafiəsinə qoşulur

Afina həmçinin Bolqarıstanın hava məkanının müdafiəsinə dəstək verəcəyini açıqlayıb. Plan çərçivəsində Yunanıstan Bolqarıstana Patriot hava müdafiə sistemləri və F-16 qırıcıları göndərə bilər.
 

Yunanıstanın “Ekathimerini” qəzeti bu addımı “Yunanıstanın hava müdafiə qalxanı Bolqarıstana qədər genişlənir” başlığı ilə təqdim edib.


Məlumata görə, Patriot sistemləri Bolqarıstanın bəzi bölgələrində ballistik raketlərə qarşı müdafiə təmin edəcək.

Enerji və hərbi logistika xətləri ön planda

Məlumata görə, Patriot sistemlərinin əsas məqsədlərindən biri Bolqarıstanın Qara dəniz sahilində yerləşən enerji infrastrukturunu mümkün hücumlardan qorumaqdır.
 

Ekspertlər bildirirlər ki, Yunanıstan, Bolqarıstan və Rumıniyanın bəzi bölgələri İranın uzun mənzilli ballistik raketlərinin potensial çatma radiusunda yerləşə bilər.


Bolqarıstanın enerji infrastrukturu da strateji əhəmiyyət daşıyır. Ölkənin qaz şəbəkəsi Yunanıstan və Türkiyədən gələn iki mühüm qaz dəhlizinə bağlıdır.

Bundan başqa, Dedeağaç limanı son illərdə NATO qüvvələrinin Bolqarıstan və Rumıniyaya hərbi texnika daşınmasında mühüm rol oynayır.

Türkiyənin də addımlar ata biləcəyi iddia olunur

Təhlükəsizlik mənbələrinə görə, Türkiyə tərəfinin də vəziyyətə cavab olaraq bəzi addımlar atmağı planlaşdırdığı bildirilir.

İddialara əsasən, Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini gücləndirmək məqsədilə F-16 qırıcılarının adaya yerləşdirilməsi variantı müzakirə olunur.


Sizin reklam burada
Sizin reklam burada