Milli Məclisdə müzakirələr zamanı energetika nazirinin müavini Elnur Soltanovun səsləndirdiyi fikirlər ciddi narazılıq yaradıb. E.Soltanov "İstilik təchizatı haqqında" yeni qanun layihəsindən danışarkən onun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qazın daxil olmayacağını və evlərdə isti sudan istifadə üçün əsasən, elektrik enerjisindən istifadə ediləcəyini bildirib.
Bu fikrə sosial şəbəkələrdə münasibət bildirənlərin bir qismi qeyd edib ki, yeni tikilən binalara təbii qazın verilməməsi həmin binaların tam şəkildə elektrik enerjisi ilə təmin olunması deməkdir. Belə olduğu halda həmin binaların elektrik təminatında yüklənmələrin qarşısını almaq mümkün olacaqmı?
Bir qrup isə qaza nisbətdə elektrik enerjisindən istifadənin vətəndaşın maddi cəhətdən daha çox yüklənməsinə səbəb olacağını, münasib tənzimlənmə üsulunun tətbiqinin vacibliyini qeyd edib.
News365.az xəbər verir ki, Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov bildirib ki, nazir müavininin söylədiyi fikirdə söhbət təbii qazın verilməyəcəyindən yox, yeni tikilən binaların mərkəzi istilik sistemi ilə təmin olunmasından gedir:
"Əslində, qanun layihəsi çoxmərtəbəli binalara təbii qazın daxil olmamasını nəzərdə tutmur. Elnur müəllimin demək istədiyi odur ki, yeni tikilən binalarda mərkəzi istilik sistemi tətbiq olunduqdan sonra artıq təbii qaza çox da ehtiyac qalmaya bilər. Təbii qazın verilişi dayandırılacaq deyə bir fikir yoxdur", - deyə C.Mikayılov bildirib.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, qaz təchizatı ilə bağlı gələn yeni qanun layihəsi hələ müzakirə olunmayıb. Yəqin ki, iyunun 10-dan sonra müzakirəyə çıxarılacaq.
"Müzakirədən sonra bu suallara cavab verə bilərik", - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə isə müzakirə olunacaq sözügedən qanun layihəsi ilə bağlı ətraflı məlumat verib.
O ilk olaraq vurğulayıb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf ölkəmizin əsas prioritetləri sırasındadır:
"Prezident İlham Əliyev Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışında diqqəti bu məsələyə yönəldərək bizim yaşıl enerji gündəliyimizin çox geniş olduğunu bildirdi. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. Son illər ölkəmizdə enerji sahəsində, xüsusən bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Həyata keçirilən siyasət nəticəsində enerji diversifikasiyası, yeni və qənaətcil texnologiyaların tətbiqi ilə enerji effektivliyində böyük irəliləyiş əldə olunub.
"İstilik təchizatı haqqında" qanun layihəsinə gəlincə, V.Rəhimzadə bir neçə gün əvvəl Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə edilən bu layihənin vətəndaşların sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən çox vacib sənəd olduğunu diqqətə çatdırıb.
"Müasir yanaşmalara uyğun hazırlanmış "İstilik təchizatı haqqında" qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması, satışı və istifadəsinə dair hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirir.
Bu layihədə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu, enerji resurslarından istifadədə səmərəliliyin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması məsələləri xüsusi yer tutub.
Eyni zamanda, layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə dövlət-özəl tərəfdaşlığını, texniki tələblərin standartlaşdırılmasını və bazar mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Hazırda müzakirə edilən bu qanun layihəsinin qəbulu istilik enerjisi təchizatı sahəsində keyfiyyətin yüksəlməsinə, binaların istilik təchizatı ilə bağlı bir çox məsələlərin effektiv həllinə kömək edəcək.
Bir daha qeyd etmək istərdim ki, qanun layihəsinin müzakirələrində əsas məqsəd vətəndaşların rifah halının yaxşılaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsidir. Belə ki, bu qanun layihəsi ilə daha sərfəli, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı istilik təchizatı sistemlərinin tətbiqinə imkan yaranacaq, bundan əlavə, istilik təchizatı sektorunun inkişafı, istilik təchizatı obyektlərinin tikintisi, yenidən qurulması, istilik şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi, habelə istilik enerjisi istehsalçılarının və istehlakçılarının maraqlarının qorunması təmin ediləcək", - deyə millət vəkili bildirib.
V.Rəhimzadə onu da vurğulayıb ki, bu məsələdə dövlət-özəl tərəfdaşlığı da vacib əhəmiyyət kəsb edir:
"Bu sahədə beynəlxalq təcrübə öyrənilib. Ona görə də çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi səmərəlilik və təhlükəsizlik baxımından daha əlverişlidir. "İstilik təchizatı haqqında" qanun layihəsi ilə istilik sistemlərinin idarəolunmasında daha çevik və fərdi yanaşma imkanları yaradılır ki, bu halda da tarif anlayışı əvvəlki qədər əhəmiyyət daşımayacaq.
Yəni vətəndaşlar bu məsələdə sərbəst seçim hüququna sahib olacaqlar - istər dövlət qurumuna, istərsə də alternativ təminatçılara müraciət edərək xidmət ala biləcəklər. Bina sakinlərinin birləşərək kooperativ şəkildə öz istilik sistemlərini idarə etməsi də mümkün olacaq. Təchizatçının seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq".
Deputat qanun layihəsinin qəbulundan sonra xüsusi olaraq gələcəkdə ucqar və inkişaf potensialı yüksək olan ərazilərdə istilik nasosları kimi yeni texnologiyaların tətbiqinin də nəzərdə tutulduğunu diqqətə çatdırmağı lazım bilib.
"Bu texnologiya Avropada da aktualdır. Gələcəkdə onun Qarabağda tətbiqi reallaşa bilər. Qarabağda mərkəzləşdirilmiş istilik sistemlərinin qurulması da qarşıda dayanan əsas vəzifələrdən biridir.
Bildiyimiz kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilədək "xalis sıfır emissiya" bölgəmiz olacaq və bu, Azərbaycanın iqlim strategiyasına uyğun olaraq beynəlxalq miqyasda nümunə kimi təqdim edilir", - deyə deputat qeyd edib.