Yelizaveta Diananı niyə bağışlamadı? -

Yelizaveta Diananı niyə bağışlamadı? -
29 Avq 2024 09:26

15-ci əsrdən etibarən "diş ağartmamaq" məsələsi Böyük Britaniyadan bütün Avropaya yayıldi. İngilislərdə belə bir ifadə var: Keep a stiff upper lip. Tərcüməsi belədir ki, "üst dodağın tərpənməməlidir". Yoxsa ağlamaq tutacaq. İngilis analar qızlarına öyrədiblər ki, daş kimi emosiyasız olmalısız. Qarşı tərəf sizin sevincinizi, kədərinizi bilməməlidir. Bəlkə də bizim Bakı kəndlərinin oğlanlarına da o illər Avropaya yayılan emosiyasızlıq təsir etmişdi. Həmin gənclər nazik bığın altından elə gülərdilər ki, dişləri görünməsin. Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbində qızlara "dəmir sifət" sənətkarlığı öyrədilərmiş. İngilis valideynləri Aqata Kristiyə "ingilis qadınları dişlərini ağartmamalıdır" dərsini elə veriblər ki, yazıq uşaq yalnız ayaqyolunda emosiyasını ifadə edərək öz-özünə danışarmış. Marqaret Tetçerin əsl emosiyası yalnız Dauninq street 10-u tərk edəndə üzə çıxdı ki, artıq postu təhvil verir və gülmək olar. Britaniyada hesab edilirdi ki, hakimiyyət nümayəndəsinin dəmir sifəti güclü dövlətin ifadəsidir. Ancaq sonra aləm bir-birinə dəydi. Boris Conson saçını daramayıb işə gəlir, üstəlik gülür-danışmağa başladı. Sadə ingilislərin emosiya buzu isə şahzadə Diananın emosiyalarını sərbəst ifadə etməsindən sonra sındı. Adamlar dedilər ki, krallıq nümayəndəsi belə gülüb-danışırsa, deməli "daş sifət" dövrü ötüb keçdi. Məhz buna görə Yelizaveta Diananı elitar hesab etməz, əyalət ruhunu bağışlamazdı. Dünya dağılsa da, ülyahəzrətin özü emosiyasını ifadə etmir və müasir hırıldayan siyasətçilərdən xoşu gəlməzdi.

Analarınız hesab edir ki, siz sevinc və kədərinizi göstərməli deyilsiz, xanımın güclü olması məhz daşlığı, şahənşahlığı ilə ifadə edilməlidir. Əvvəl belə idi. İndi anaları dinləyən azdır. Şüar belədir ki, çoxluca gül, düşmənin gözü çıxsın, ya da sevdiyinlə əl-ələ tutub gəz ki, rəfiqələrin odlansın. Müasir çağırışlar belədir. Amma emosiyasız xanımlar hələ də cəmiyyətdə var. Düzdür, onlar bəzən maraq doğurmasalar da, dəmir lediləri sevən kişilər də cəmiyyətdə qalıb. Lakin ildən-ilə azalırlar.

Azər Qismət, yazıçı publisist