Yaxın 3 ayda regionda nələr baş verəcək? - Tural İrfanıın şərhi

Yaxın 3 ayda regionda nələr baş verəcək? - Tural İrfanıın şərhi
13 Yan 2025 09:45
Pentaqon İŞİD təhlükəsini bəhanə edərək PKK və PYD kimi terror qruplaşmalarının Suriyada qalmasını və hətta onlara yeni dəstək verilməsini istəyir. Lakin Trampın vəzifəsini icra etməyə başlayarkən bu mövqeyi müdafiə edib etməyəcəyi sual altındadır. Ona görə də Türkiyə hazırda Suriyada PKK və digər təhdidlərə qarşı əməliyyat keçirə bilər. Bu arada Suriyanın hazırki müvəqqəti rəhbərliyinin kəşfiyyat qurumları Dəməşq yaxınlığındakı Həzrət Zeynəb ziyarət - məscid kompleksini partlatmaq istəyən İŞİD üzvlərini yaxalayıb. Bu onu göstərir ki, Suriyanın hazırki sahibləri İŞİD kimi qruplarla özləri Amerikasız da mübarizə apara bilərlər.
Bununla yanaşı İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizlik kabinetinin müşavirləri və nazirləri ilə görüş keçirib və İsrail ordusunun İrana üçüncü hücumuna hazırlıq səviyyəsini müzakirə edib.
Görüşdə müzakirə mövzularından biri də Donald Tramp administrasiyası fəaliyyətə başlayandan sonra Vaşinqtonun İrana qarşı yeni və qətiyyətli siyasəti mövzusu olub.
Digər tərəfdən də Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Voltes - Amerika İrana hücum etməlidir - deyib.
O bildirib ki, Amerika özünü çox müdafiə xarakterli apardı və biz Çin və İrana qarşı çıxmaq üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini məhdudlaşdıra bilər.
Müşavir Voltes İrana qarşı maksimum təzyiq strategiyasının yenidən canlandırılmasını təklif edib.
İran isə Qəzza, Livan, Yəmən və Suriyada “Müqavimət oxunun” dağılması ilə üzləşərək Ermənistana qoşun yeritmək niyyətindədir.
İran hazırda Qərbin forpostu kimi görünən Ermənistanda Aİ, ABŞ və NATO-nun mövcudluğunun artmasını təhlükə kimi görür.
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistanın Paşinyan administrasiyasına xəbərdarlıq edərək, NATO və Aİ əməkdaşlığının ləğvini tələb edib.
Ermənistan buna əməl edərsə, İranla hərbi əməkdaşlıq, o cümlədən qoşun yeridilə bilər. Ancaq Qərbə üz tutan Ermənistan üçün ABŞ və Qərblə üz-üzə dayanmış İranla bu "ittidaq"ın baş tutması real görünmür.
Azərbaycanla hələ də sülh əldə etməyən və Türkiyə ilə münasibətləri gərginləşməyə doğru gedən Ermənistan indi mühüm qərar verməlidir.
Proseslər onu göstərir ki, İrana İsrail və ABŞ - nın hücumu gözləniləndir. Eyni zamanda İranın da İsrailə əks hücumu mümkündür. Hər üç tərəf buna hazırlıq görür və ABŞ - ı İranın proksi qüvvələrinin hazırda İsrailə qarşı ən aktiv olanı Yəmən Husilərini hava zərbələri ilə zəiflədir.
Bu prosseslər sadəcə hücum və zəiflətmək xarakteri daşımayacaq və yeni planların əhəmiyyətinin təzahürü olacaq. Hesab edirəm ki, yaxın üç ay ərzində həm regionda həm də dünyada əhəmiyyətli dərəcədə yeni dəyişikliklərin şahidi olacağıq.

Tural İrfan, MCP-nin sədr müavini, politoloq


Youtube kanalımız