Aprelin 22-dən 24-dək Yer kürəsində
G2 sinfinə aid maqnit qasırğası proqnozlaşdırılır.
Bu barədə Rusiyanın Kosmik Tədqiqatlar
İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası
məlumat yayıb.
Alimlərin fikrincə, aprelin 22-də
səhər tezdən maqnit dalğaları gözlənilir. Üç gün ərzində onların intensivliyi
tədricən artaraq kosmik fırtınanın orta dərəcəsinə uyğun gələn G2 səviyyəsinə
çatacaq.
Axşama yaxın qasırğa bir qədər
zəifləyib G1 səviyyəsinə enəcək və tədricən başa çatacaq.
Qeyd edək ki, geomaqnit qasırğası
meteohəssas, yaşı 50-dən yuxarı olanlar və hər hansı bir xəstəliyi olan
insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə,
ürəkbulanma, əzələ və oynaqlarda ağrı, eləcə də yuxusuzluq halları baş verə
bilər.
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter,
planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Məsələ ilə bağlı News365.az -ya danışan həkim Rasif
Bağırov həmin günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli
olmalarını vacib hesab edir:
“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları
müşahidə olunur və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi
təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola
bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət
çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az