Ötən həftəsonu
yağan güclü yağış bir çox ərazilərdə ciddi fəsadlar törədib. Amma bəzi ərazilərdə
yerli qurumların operativ müdaxiləsi nəticəsində problem qısa zamanda aradan
qaldırılıb. Lakin bəzi rayon rəhbərlərinin laqeyidliyi səbəbindən subasmaları hələ
də davam edir.
Bu mənada ən
çox şikayət olunan rayonlardan biri və bəlkə də birincisi Abşeron rayonudur.
Rayonun Xırdalan şəhəri, Masazır, Saray və digər qəsəbələri neçə gündür ki, yağış
sularının altındadır. Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların müşahidəçi
mövqedən çıxış etməsi əhalini çıxılmaz vəziyyətdə qoyub. Bəzi ərazilərdə sakinlər
özləri hərəkətə keçiblər. Yağış sularının kənarlaşdırılması üçün bacardıqları qədər
iş görüblər.
Maraqlıdır
ki, sakinlərin nəcib təşəbbüslərinə dəstək əvəzinə Abşeron rayon İcra Hakimiyyəti
görülən işləri öz adlarına çıxmaq istəyirlər. Və bunu video-foto “faktlarla”
sübut ediblər.
Belə bir
acınacaqlı mənzərə barədə tanınmış ekspert Famil Cəfərli özünün sosial səhifəsində
yazıb:
News365.az ekspertin yazdıqlarını
olduğu kimi təqdim edir:
“Sizə “Tom və
Cerri” kimi məzəli bir əhvalat danışım, kefiniz açılsın. Deməli, Masazırın Həsən
Əliyev küçəsində yüzlərlə ev yağışdan sonra hələ də dizəcən suyun içindədir
(dünən 50-60 ev yazmışdım, mənə dedilər ki, yox, daha çoxdur, söhbət yüzlərlə
evdən gedir). Sakinlər nə Abşeron icra hakimiyyətindən, nə də “Azərsu”dan (təzə
adını yazmağa ərinirəm) heç kimin onlarla maraqlanmadığını, nəsə bir iş görmədiyini
görüb məsələyə özləri əncam çəkmək istəyiblər. Haradansa motor tapıblar, həyətlərindəki,
küçədəki suyu kənara vurmağa başlayıblar. Bu dəm “Azərsu”ya məxsus bir “Niva” qəfil
asqıraq kimi peyda olub. Maşından düşən şəxslər kameralarını çıxararaq işləyən
motoru çəkməyə başlayıblar. Sakinlər soruşub ki, qardaş, bunu niyə çəkirsiniz.
Gələnlər arsız-arsız deyiblər, icra hakimiyyətinə, hakəza öz dahi, vətənpərvər
və müdrik müdirlərimizə göstərəcəyik, qoy görsünlər ki, iş gedir. Sakinlər
gülüb. Zarafat eləyirəm, adamları oradan qovublar. Day bilmədim söyüb-yağlayıb
qovublar, yoxsa elə-belə, yavan... Belə-belə işlər...”
News365.az