Yanacağa xərclənən pul niyə artır? – İqtisadçıdan açıqlama

Yanacağa xərclənən pul niyə artır? – İqtisadçıdan açıqlama
13:37

Avtomobillərin sayı artır, yollar tıxacla dolur, sürücülər isə mənzil başına çatmaq üçün daha çox vaxt və yanacaq sərf edirlər. Nəticədə nəqliyyat xərcləri də böyüyür. Lakin yanacağa çəkilən vəsaitin artması heç də insanların daha çox benzin və dizel alması demək deyil. Bəs bu artımın arxasında hansı səbəblər dayanır və ailə büdcəsinə necə təsir göstərir?

İqtisadçı Asif İbrahimov News365.az-a açıqlamasında bildirib ki, yanacağa çəkilən xərclərin artmasını yalnız istehlakın çoxalması ilə əlaqələndirmək düzgün deyil. Bu göstəriciyə yanacağın qiyməti, avtomobillərin sayının artması və nəqliyyat sistemindəki problemlər də təsir göstərə bilər.

Onun sözlərinə görə, fərdi avtomobillərdən asılılığın güclənməsi, ictimai nəqliyyatın bütün istiqamətlər üzrə əlverişli alternativə çevrilməməsi və şəhərlərdə tıxacların geniş yayılması yanacaq istehlakını artıran amillərdəndir. Xüsusilə tıxaclarda avtomobillərin hərəkətsiz vəziyyətdə uzun müddət işləməsi əlavə yanacaq sərfiyyatına səbəb olur.

İqtisadçı yükdaşımaların və avtomobil nəqliyyatı ilə göstərilən xidmətlərin genişlənməsinin də ümumi yanacaq istehlakına təsir etdiyini vurğulayıb.

Asif İbrahimov diqqətə çatdırıb ki, statistik göstəricilərdə artım müşahidə olunması əhalinin maddi rifahının yaxşılaşması kimi qiymətləndirilməməlidir. Belə ki, yanacağın qiyməti yüksəldikdə insanlar əvvəlki həcmdə yanacaq alsalar belə, daha çox pul xərcləməli olurlar. Bu isə ailələrin digər ehtiyaclarına ayıra biləcəyi vəsaiti azalda bilər.

“Əsas məsələ xərclərin hansı səbəbdən artmasıdır: yanacağın qiymətinin yüksəlməsi, yoxsa istehlak həcminin çoxalması hesabına?” – deyə iqtisadçı bildirib.

Yanacaq xərclərinin artmasının qarşısını necə almaq olar?

Asif İbrahimovun fikrincə, vəziyyəti düzgün qiymətləndirmək üçün yanacaq satışının pul ifadəsindəki həcmi ilə yanaşı, satılan benzinin və dizelin fiziki miqdarı da araşdırılmalıdır. Eyni zamanda qiymət dəyişiklikləri, avtomobillərin sayı və nəqliyyat sektorunun fəaliyyəti müqayisə edilməlidir.

İqtisadçı uzunmüddətli həll yolu kimi ictimai nəqliyyatın keyfiyyətinin və əlçatanlığının artırılmasını, tıxacların azaldılmasını, fərdi avtomobillərdən asılılığın zəiflədilməsini və nəqliyyat sisteminin səmərəliliyinin yüksəldilməsini vacib sayır.

Onun sözlərinə görə, iqtisadi baxımdan əsas göstərici insanların daha çox yanacaq alması deyil, gündəlik işlərini daha az vaxt və vəsait sərf etməklə görə bilməsidir. Nəqliyyat xərclərinin ailə büdcəsinə təsirinin azaldılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.


Sizin reklam burada
Sizin reklam burada