Xaricdən avtomobil almaq istəyənlər üçün ən böyük risklərdən biri maşının görünüşü deyil, görünməyən keçmişidir. Parlaq kuzov, aşağı yürüş və ideal texniki göstəricilər alıcıda yaxşı təəssürat yaratsa da, avtomobilin əvvəlki istismar tarixçəsi hər zaman bu görüntü ilə üst-üstə düşmür. Xüsusilə yürüş göstəricisinin dəyişdirilməsi alıcının avtomobilin real vəziyyəti barədə yanlış qərar verməsinə səbəb ola bilər.
Nəqliyyat eksperti Eldəniz Cəfərov News365.az-a açıqlamasında bildirib ki, xaricdən gətirilən avtomobillərin real yürüşünü və tam tarixçəsini müəyyənləşdirmək hələ də asan deyil.
“Bu gün avtomobilin ban nömrəsi, yəni VIN kodu vasitəsilə müxtəlif elektron platformalarda müəyyən məlumatları yoxlamaq mümkündür. Avtomobilin qəza keçirib-keçirmədiyini, hansı ölkədə qeydiyyatda olduğunu, bəzi texniki göstəricilərini və servis tarixçəsinin müəyyən hissəsini öyrənmək olur.
Lakin burada əsas problem məlumatların hər zaman tam olmamasıdır. Avtomobilin əvvəlki sahibinin hansı servisdə texniki xidmət göstərməsi, yürüş göstəricisinin hansı mərhələdə dəyişdirilməsi və ya avtomobilin bir ölkədən digərinə daşınması zamanı ona müdaxilə edilib-edilməməsi mövcud məlumat bazalarında öz əksini tapmaya bilər.
Belə olan halda alıcı avtomobili aşağı yürüşlü və yaxşı vəziyyətdə hesab edə bilər. Nəticədə həmin avtomobil üçün real dəyərindən daha yüksək məbləğ ödəmək riski yaranır. Bir müddət sonra isə avtomobilin əslində daha çox istifadə edildiyi və ya əvvəlcədən mövcud olan ciddi texniki problemlərinin olduğu üzə çıxa bilər.
Bu səbəbdən xaricdən gətirilən avtomobillərin satışından əvvəl onların yürüş göstəricilərinin və texniki tarixçəsinin daha şəffaf şəkildə yoxlanılması vacibdir. Alıcıya təqdim edilən məlumatların vahid elektron bazada toplanması və avtomobilin keçmişi ilə bağlı mümkün qədər geniş məlumatın əlçatan olması həm istehlakçının hüquqlarını qoruyar, həm də bazarda şəffaflığı artırar.
Eyni zamanda, yürüş göstəricisinin saxtalaşdırılması hallarının qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmləri tətbiq edilməlidir. Alıcı avtomobil alarkən yalnız onun bugünkü vəziyyətinə deyil, keçmişinə də çıxış əldə etməlidir”, – deyə ekspert vurğulayıb.