Xəzər rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib, Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ictimaiyyətinin nümayəndələri üçün “44” bədii filminin nümayişi olub.
Xəzər RİH-nin təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı Elşən Salahov, başçının müavinləri, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin müəllim və tələbə heyəti, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Zirə Mədəniyyət Mərkəzi–Eko Parkda keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad ediblər.
Daha sonra tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu əlamətdar günün xalqımızın tarixi yaddaşında xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın milli qürur və qəhrəmanlıq salnaməsinə çevrilib. Bu tarixi Qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, rəşadətli Ordumuzun şücaəti və qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı, eləcə də xalqımızın sarsılmaz birliyi və həmrəyliyi sayəsində qazanılıb.
Rayon rəhbəri vurğulayıb ki, Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm mərhələ olmaqla yanaşı, 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa edilib. Qeyd olunub ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və fəxarət hissi ilə qeyd edir, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığını yüksək qiymətləndirir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Soltan Məmmədov və Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, eləcə də şəhid Tural Abdullayevin atası Şakir Abdullayev 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, xalqımızın birliyindən və Ordumuzun qəhrəmanlığından bəhs ediblər. Çıxışlarda 30 ilə yaxın davam edən işğala son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa edildiyi vurğulanıb.
Çıxış edənlər şəhidlərimizin qəhrəmanlığının daim ehtiramla yad ediləcəyini, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Həmçinin, bu istiqamətdə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra rayon ictimaiyyətinin iştirakı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filminin nümayişi keçirilib. Filmdə 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş meydanında göstərdiyi şücaət və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı əks olunub. Nümayiş tədbir iştirakçıları tərəfindən böyük maraq və diqqətlə izlənilib.
Filmin nümayişi zamanı “44” bədii filminin aktyor heyəti də tədbirdə qonaq qismində iştirak edib. Filmin nümayişindən sonra “44” bədii filmində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov obrazını canlandıran aktyor İbrahim Çingiz, Xüsusi Təyinatlı Qüvvələrin polkovniki, xüsusi əməliyyat qrupunun komandiri Ramazan Kərimov obrazını canlandıran aktyor İlqar Musayev, eləcə də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə xanım Məcidova çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin nümayiş etdirdikləri qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların şərəfli döyüş yolunun və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.














