"Hazırda Vladimir Zelenskinin müdafiəsi çox güclüdür. Avropa tam şəkildə onun tərəfini tutur. Burada istər Polşa, istərsə də Böyük Britaniya, Fransa kimi böyük dövlətlər olsun, hətta NATO-da belə onun lehinə mövqe mövcuddur."
Politoloq Elnur Ənvəroğlu bunu News365.az-a açıqlamasında deyib.
"NATO lazım gələrsə, Amerikadan ayrılıb müstəqil qərarlar verə bilər. Lakin bu tam ayrılma baş vermir, çünki NATO-nun özünün də maraqları var. Hətta Keir Starmer də açıq şəkildə bildirmişdi ki, Birləşmiş Ştatlar ən aparıcı və dinamik dövlətdir. Əsas qüvvə onlardan gəlir. Buna görə də ABŞ olmadan bu qüvvələr maksimum 80 faiz təşkil edə bilər. Amma tam güclü, yekdil bir qüvvə olmaq üçün ABŞ-ın iştirakı vacibdir.
Təəssüf ki, bu gün ABŞ güclü tərəf olaraq qalır. Gələcəkdə, yəni növbəti dörd il ərzində də digər tərəflər onunla hesablaşmaq məcburiyyətində qalacaqlar. Zelenskinin hazırkı hakimiyyətdən uzaqlaşdırılması və onun yerinə alternativ bir şəxsin gətirilməsi isə inandırıcı görünmür. Amma zamanla Avropa İttifaqının bu məsələdə hansı mövqeni tutacağını görəcəyik. Artıq 16 milyard dolların Zelenski üçün yenidən ayrılması planlaşdırılır. Eyni zamanda, Keir Starmer də həm siyasi arenada, həm də praktiki baxımdan Ukraynanın yanında olduqlarını bildirir."- deyə fikirlərini bildirib.