Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb
17:05

Prezident İlham Əliyev “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

News365.az sərəncamın mətnini təqdim edir:

1. Şuşa şəhərində yerləşən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin müqavilə əsasında idarəetməyə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təklifi qəbul edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməyə verilməsi ilə bağlı müqavilənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən bağlanılmasını iki ay müddətində təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə bağlanıldıqdan sonra onu təsdiq etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.


Sizin reklam burada
Sizin reklam burada