"Uşaqların telefon istifadəsi tənzimlənməlidir"- Ekspertdən çağırış

"Uşaqların telefon istifadəsi tənzimlənməlidir"- Ekspertdən çağırış
12:41

Müasir dövrdə texnologiyaların, xüsusilə mobil telefonların uşaqların həyatına təsiri ciddi müzakirə mövzusu olaraq qalır.

Mövzu ilə bağlı təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Tv365 kanalında çıxış edərək bu istiqamətdə narahatlıqlarını bölüşüb.


News365.az xəbər verir ki, ekspert uşaqların erkən yaşlardan telefon istifadəsinin onların davranışlarına, təhsilinə və sosial inkişafına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bir çox ölkələrdə bu sahədə müəyyən məhdudiyyətlər tətbiq olunur və uşaqların texnologiyadan istifadə yaşı ilə bağlı qaydalar sərtləşdirilir.

Etibar Əliyev qeyd edib ki, bəzi xarici təcrübələrdə uşaqlara müəyyən yaşa qədər mobil telefon verilməməsi və ya ciddi nəzarət altında istifadəsi tövsiyə olunur. O, bu yanaşmanın uşaqların xarakterinin formalaşmasına və diqqət bacarıqlarının inkişafına müsbət təsir göstərə biləcəyini vurğulayıb.

Ekspert həmçinin bildirib ki, müasir dövrdə uşaqların dərs prosesi zamanı belə telefonlardan həddindən artıq istifadə etməsi tədrisin keyfiyyətinə mənfi təsir edir. Onun fikrincə, valideyn və müəllimlər arasında davamlı onlayn ünsiyyət də bəzən tədris prosesini zəiflədir.

Etibar Əliyev əlavə edib ki, uşaqların xarakterinin formalaşması erkən yaşlardan başlayır və bu mərhələdə düzgün tərbiyə və nəzarət xüsusi əhəmiyyət daşıyır. O, texnologiyadan istifadənin tam qadağan edilməsinin deyil, daha çox düzgün tənzimlənməsinin vacibliyini vurğulayıb.

Ekspertin fikrincə, müasir cəmiyyətdə texnologiyanın yaratdığı problemlərlə mübarizə aparmaq üçün daha sistemli maarifləndirmə və pedaqoji yanaşmalara ehtiyac var.


Sizin reklam burada
Sizin reklam burada